Əziz oxucular, dəyərli dostlar.
Bu yazını çox düşündükdən sonra yazıram. Bəzən elə hallar olur, “lənət şeytana” deyib keçirik; çünki bizim hər məsələyə münasibət bildirmək kimi bir öhdəliyimiz, dərdimiz yoxdur. Düzdür, ictimai rəylə işləyirik, özəlliklə də siyasi prosesləri təhlil edib dəyərəndirir, toplumun maarifləndirilməsinə dəstək oluruq. Lakin bəzən hadisələr o qədər sürətlə cərəyan edir ki, fiziki olaraq çatdıra bilmirik, diqqətimizdən qaçan məqamlar olur. Belə məqamlarda bədxahlarımız daha da fəallaşır, əllərinə düşən fürsəti fövtə vermir…
Söz yox ki, respublikada gündəmi müəyyən edən bir nömrəli şəxsiyyət Prezident İlham Əliyevdir. Onun hər çıxışıının hər cümləsi ictimai rəylə işləyənlər üçün bir tezisdir. Həm də göstəricidir. Biz həmişə dövlətimizi düşündüyümüz üçün kimin nə deməsindən asılı olmayaraq məhz cənab prezidentin səsləndirəcəyi fikirləri səbirsizliklə gözləyir, buna uyğun da addımlar atırıq. Hətta bəzən elə olur ki, yazmaq, söyləmək istədiyimiz fikirlərə düzəliş də edirik. Buna səbəb yenə də Prezident İlham Əliyevin öz çıxış və davranışlarıyla bizə verdiyi işarətlər və şəxsi nümunəsi olur…
Prezident İlham Əliyevin son günlər kadr islahatlarıyla bağlı sərəncamları gündəmin əsas mövzusudur. Biz bu prosesi də diqqətlə izləyir, mümkün qədər şərh etməyə, topluma çatdırmağa çalışırıq. Onun uzaqgörən fikirlərini idrak edib, uyğun şəkildə də davranırıq.
Biz davranırıq, amma davranmayanlar da var. Özü də bu davranmayanlar iddia edirlər ki, Prezidenti dəstəkləyirlərmiş…
Prezident İlham Əliyev oktyabrda keçirdiyi bir müşavirədə açıq mətnlə dedi ki, “bəzi məmurlar digər məmurları gözdən salmaq üçün mediadan istifadə edirlər. Bu, yolverilməzdir”. Belə bir fikir prezidentə doğrudan da sadiq olan məmurlar, nazirlər, keçmişdə vəzifə sahibi olmuşlar üçün siqnal idi. Yəni bundan sonra belə davam edə bilməz. Təbii ki, Prezidentə və onun islahatlar kursuna sadiq olanlar bu xəbərdarlıqdan rahatsız olmalı deyildi və olmadılar da. Lakin əlindəki media imkanlarından başqalarını, özəlliklə də prezidentin yaxın ətrafını gözdən salmaq üçün istifadə etməyə öyrəşənlər bu xəbərdarlıqdan də nəticə çıxarmadı. Elə həmin günün axşamı daha intensiv şəkildə öz bəd əməllərini davam etdirdilər, günü bu gün də etdirirlər…
Bu gün qarşıma bir yazı çıxdı. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “xəyanətləri” haqqında idi. Onun “xəyanətləri” arasında, sən demə, bir vaxtlar Heydər Əliyevə qarşı olanları “əməkdar” zirvəsinə yüksəltməsi də qeyd edilir. O cür “əməkdar”lardan biri də şəxsən mənəm və düşündüm ki, bu adamların belə “ağıllı” tapıntısına mütləq reaksiya vermək lazımdır. Düzdür, baş qoşmamaq da olardı. Lakin bəzən belə adamlara cavab verməyəndə düşünürlər ki, bizi susdurdular…
“Əməkdar” məsələsinə keçməzdən öncə Əli Həsənovla bağlı bu “çılğın” kampaniyaya münasibət bildirməyi də zəruri sayırıq. Bir dəfə yazmışdıq, bu dəfə də təkrar edirik: Əli Həsənova hücumların arxasında çox iyrənc məqsədlər durur. Bu məqsədlərin başlıcası Prezident İlham Əliyevin ən yaxınındakı sadiq dövlət adamlarını sıradan çıxarmaqla dövlət, dövlətçilik təfəkkürlü və təcrübəli (tərcümeyi-hallı) ziyalıları prezident komandasından uzaq salmaqdır. Bu adamlar Prezidentin apardığı kadr islahatlarını fürsət bilib məhz Əli Həsənovu da toplumun gözündə hədəfə gətirirlər ki, bəlkə bu dəfə alına.
Əli Həsənovu öz ağıllarınca sıxışdıranların arqumentləri də əsassızdır. Adamlar iddia edir ki, bu şəxs bir vaxtlar müxalifətdə olanları hakimiyyət düşərgəsinə cəlb edib. Guya bununla da hakimiyyətə xəyanət edibmiş! Məntiq hardadır burda? İndi bu adamlara sual vermək lazımdır ki, əgər düşündüyünüz kimidirsə, o halda bunu edən Əli Həsənovun xəyanəti nədən ibarətdir? Məgər bir vaxtlar hakimiyyətə qarşı olanları neytrallaşdırmaq hakimiyyətin zərərinədir? Yəni sizin məntiqinizlə düşünsək, keçmişdə radikal müxalifət səfində olanlar elə o mövqedə də qalmalıydı? Qalsaydılar nə olacaqdı? Bu sualın çox sadə bir cavabı var. Günümüzün olaylarından çıxış etsək, cavab mübaliğəsiz şəkildə aydındır: bu gün mitinq keçirmək üçün ətrafına adam toplamaqda çətinlik çəkən Əli Kərimli kimi dağıdıcı ünsürlər rahatlıqla ortalığı qarışdıra biləcəkdi. Çünki indi İlham Əliyevin siyasi kursunu mənimsəmiş keçmiş müxalifətçilər də o sıralarda olacaqdı…
Əli Həsənovun sayəsində Prezident İlham Əliyevin siyasi kursunu mənimsəmiş çoxsaylı keçmiş müxalifətçi bu gün konstruktiv mövqedədir, dövlətə sadiqdir və aparılan islahatları da sözdə deyil, əməldə dəstəkləyir. Halbuki islahatları gözdən salan, bu dalğada Əli Həsənovu da hədəfə gətirənlər Prezidentə xəyanətlə məşğuldur!
Yeri gəlmişkən, Əli Həsənov tutduğu vəzifə etibarı ilə (təbii olaraq), bütün addımlarını Prezident İlham Əliyevin razılığıyla atıb və atmaqdadır. Bu, onun vəzifə borcudur. Başqa cür davranması, zatən qəbuledilən olmazdı. İndi İlham Əliyevin təəssübünü çəkdiyini iddia edib Əli Həsənovun belə fəaliyyətini hədəfə gətirənlər nə demək istəyir, əcəba? Olmaya dolayısıyla elə Prezidentin özünü hədəf seçiblər? Məncə, elədir ki, var.
Bu anti-təbliğatçı çetelər rahatsızlıqla tələb edir ki, Əli Həsənov işindən uzaqlaşdırılsın. Bunlar ictimai rəydə çaşqınlıq yaratmaqla hakimiyyət içində ikitirəlik görüntüsünə səbəb verir. Belə adamlar Prezident İlham Əliyevə sadiq sayıla bilərmi? Əsla! Bütün bunların qarşılığında Əli Həsənov heç bir məmurla bağlı hansısa kampaniyaya nəinki rəvac vermir, əksinə, çalışır ki, kampaniyaçılıq ümumiyyətlə olmasın. Hətta özünə qarşı yönələn qaralamalara belə təmkinlə yanaşır. (Bunu şəxsən özüm təsbit etmişəm. – A.H.)
Əli Həsənovun belə təmkinli davranması da təsadüfi deyil. Çünki Heydər Əliyev siyasi və dövlətçilik məktəbi keçmiş tarixçi professor özündən əmindir. Liderinə sədaqətdə qüsur etməyib, etməyəcək də. Əgər cənab Prezident onun bir gün işindən uzaqlaşdırılmasını vacib sanacaqsa, Əli Həsənov buna uyğun da davranacaq. Yəni o, bəzilərinin iddia etdiyi kimi, nəyin bahasına olursa olsun vəzifədən yapışanlardan deyil. Üstəlik, Prezidentin məsləhət bildiyi istənilən vəzifəni tutmağa tərəddüdsüz hazır bir ziyalıdır.
Bir də toplum içində şayiə yayırlar ki, Əli Həsənova qarşı kampaniyanın arxasında guya elə hakimiyyətin ən yüksək zirvəsi dayanır. Gülünc və olduqca əsassız iddiadır! Məgər dövlətin zirvəsi Əli Həsənovu işdən uzaqlaşdırmaq qərarı versə, onun icrasına mane ola biləcək hansısa qüvvə var? Belə qərar veriləcəyi təqdirdə onu icra etməmək sadəcə mümkün deyil. Cənab President belə bir zərurət hiss etsə, onu mediada, kimlərinsə əli ilə deyil, öz məsləhətləri, öz qərarlarıyla, heç bir kampaniya aparmadan həll edəcəklər. Məgər buna dair ən yaxın dönəmin bəlli nümunələrini unutduqmu?
İndi isə keçək bizim kimi keçmiş “radikallar”ın “Əməkdar”lığa qədər yüksəlməsinə… Təbii ki, media təmsilçisi olduğumuz üçün Prezidentə təqdimatımızı bu sahəyə məsul olan şəxs – Əli Həsənov vermiş olmalıdır. Lakin təqdimat verilərkən yalnız “bu adamın qaşı-gözü qaradır, ona ad verilməlidir” deyilmir ki. Təqdimat adamın xidmətlərini də əhatə edən geniş arayışla birgə verilir, cənab Prezident də bunu gözdən keçirir, son qərarı verir. Yəni yüksək fəxri adların verilməsində son qərarın sahibi müstəsna olaraq yalnız və yalnız cənab Prezident özüdür. O, məqsədəuyğun bilməsə heç kim heç bir yüksək fəxri ad ala bilməz.
Niyə ad aldığımızı da izah edirik. Başqalarının yerinə heç nə demirəm. Yalnız öz adıma qısa bir izah verib, bizim fəxri adımıza sataşanlardan bəzi məsələlərə aydınlıq gətirmələrini istəmək fikrindəyəm.
“Əməkdar jurnalist” fəxri adına 2015-ci ildə, 22 iyul ərəfəsində layiq görülmüşdüm. Təsadüfi deyildi. Çox ciddi bir xidmətin qarşılığında verilmişdi bu ad mənə. Uzaq tarix deyil, amma yenə də xatırladıram. Bakıda I Avropa Oyunları keçirilirdi. Bütün dünyanın gözü üzərimizdə idi. Bədxahlarımız da diqqəti yayındırmaq üçün Azərbaycanı gözdən salan yazılar yazır, kampaniyalar aparırdı. Bu işdə Böyük Britaniyada dərc edilən “The Guardian” qəzeti əməlli-başlı özünə əl qatmışdı. Beynəlxalq ictimai rəyə müstəsna təsir imkanları olan bu qəzet bizi gözdən salmaq üçün hər gün bir neçə yazı yayınlayırdı. Oyunların ilk həftəsi ərzində işimizi-gücümüzü bir yana qoyub bu qəzetin atdığı çamuru təmizləmək üçün çalışmalı olmuşduq; lakin onlar dayanmaq bilmirdilər. Belə bir məqamda Azər Həsrət olaraq şəxsi təcrübəmi, tanışlıq və əlaqələrimi səfərbər etməyə qərar verdim. Və nəticə özünü gözlətmədi! Bir günün içində “The Guardian” kampaniyanı dayandırdı! Oyunlar bitənədək Azərbaycan haqqında ümumiyyətlə yazmadı. Sonda sadəcə xəbər yazdı, daha sonrakı mərhələdə də kampaniyaçılıqdan birdəfəlik imtina etdi! (Əlbəttə, bu, gördüyümüz çoxsaylı işlərdən yalnız bir örnəkdir). Və mənə təklif edildi ki, zəhmətimin qarşılığı olaraq fəxri ad üçün müraciət edim. Mənsə bundan imtina etdim. Dedim ki, əgər ada layiq bilirsinizsə, verin. Lakin ölkəm adına gördüyüm iş üçün mükafat istəyə bilmərəm!
Sonrası bəllidir. Mətbuat Şurasının adından sədr Əflatun Amaşov təqdimat verdi, cənab Prezident də uyğun gördü, “Əməkdar jurnalist” fəxri adına layiq görüldüm. Üstəlik, Əflatun Amaşov, Vüqar Səfərli və Rauf Arifoğluyla birlikdə bizim dördümüzə fəxri adı Prezident İlham Əliyev şəxsən özü təqdim etdi. Bu, bir Azərbaycan vətəndaşı olaraq mənim üçün olduqca qürurverici an idi!
Bir də bizi ittiham edirlər ki, guya Əli Həsənovun sayəsində yağ-bal içində yaşayırıq. Elədirmi? Şəxsi məsələlərim haqqında danışmağı xoşlamıram, lakin bəzi məqamlara aydınlıq gətirmək üçün bəzən bunu etməyə məcbur oluram.
İddia edirlər ki, mənə hakimiyyət ev verib! Dəfələrlə demişəm, bir daha təkrar edirəm: o evi kim tapıb mənə göstərsə, həmin adama qeyd-şərtsiz bağışlamağa hazıram! İllərdir şəxsi vəsaitim hesabına aldığım 43 kv-lıq darısqal bir mənzildə ailəmlə birgə yaşayıram. Yeri gəlmişkən, arxamca danışanların bir xeylisi Prezidentin lütfü sayəsində tikilib jurnalistlərə hədiyyə edilmiş binalarda ev alan, lakin hələ də gözə dəyən ciddi bir fəaliyyətilə seçilməyən “jurnalistlər”dir…
Yaxud da bu yaşda və bu başda mən borca aldığım və hələ də borcunu ödəyə bilmədiyim maşın sürürəm. Budurmu yağ-bal içində yaşamaq?
Daha bir məsələ. Düz 6 ildir ki, Ata Yurdumda – Xaçmazın Dədəli kəndində ev tikirəm. Daha doğrusu, köhnə evi yıxıb, yerində yenisini tikirəm. Hələ də evi tam bitirə bilməmişəm. Halbuki bu ölkədə mənim kimilərə çamur atan, reketliklə məşğul olan “jurnalistlər” o cür evi 6 ay ərzində tikir, içində yaşayır, növbəti 6 ayda satır, daha böyüyünü tikir və beləcə davam edir. Onlar bizi söyüb özlərinə gün ağlamaqla məşğulkən biz də gecəli-gündüzlü çalışıb Azərbaycan dövlətinin hücumlardan qorunmasına töhfə vermək əzmindəyik.
Bizi söyənlərin adını belə toplum düz-əməlli bilməzkən, bizim səsimiz beynəlxalq tribunalardan eşidilir, Azərbaycanın problemlərini qlobal səviyyədə dilə gətirib həllinə çalışırıq. Hər il şəxsən özüm neçə-neçə beynəlxalq tədbirdə ermənilərlə, onların havadarlarıyla üz-üzə gəlirəm. Çox zaman da səfərlərə ordan-burdan borc alıb gedirəm; bizə çamur atanlar bunu da bilsin!
Getdiyim səfərlərdə etdiyim çıxışlara hər dəfə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yunanıstan kimi dövlətlərin, Avropa Birliyi kimi qurumun təmsilçiləri reaksiya verir. Özü də narahatlıqla. Hələ mən ermənilərin verdiyi reaksiyalardan danışmıram!
Etdiyim heç bir işə görə dövlətimə minnət qoymuram! Heç bir zəhmətimə görə Prezident İlham Əliyevdən şəxsim üçün nəsə xahiş etməmişəm. Həmişə düşünmüşəm ki, dövlətim harda məsləhət bilsə, orda da olmalıyam. Dövlətim hansı işi məsləhət bilsə, o işi də etməliyəm. Çünki mən dövlət əxlaqı, dövlət ərkanı və nəzakətini bilirəm, gücümün yetdiyi qədər də dövlətim üçün yaşamaqdayam!
Məni hədəfə alanlar belə şeyləri anlamaz! Çünki onların dərdi bizim kimi dövlət dərdi deyil ki! Onların dərdi jurnalistlər üçün tikilməkdə olan növbəti binadan hansısa qohumlarına, katibələrinə, sürücülərinə necə ev alacaqlarını həll etməkdir. Onlar mənim kimi heç nəyə baxmadan üstümüzə gələn ermənilərə, onların uzantılarına cavab vermək dərdi də çəkmir; yaxud da Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvlərini davamlı təhqir edənlərə də bu adamlar heç vaxt cavab vermir! Verməyi gərəkli də sanmırlar; amma baxırsan ki, “keçmiş müxalifətçi” Azər Həsrətin “Əməkdar” adı almasından çox rahatsızdırlar! Sanki mən bunların qarşısını kəsirəm! Kəsməsəm, bunlar da gedib o yüksək qlobal platformaların işində iştirak edəcək, Azərbaycanın səsi olacaqlarmış! Mən mane olurammış!
Çox arzu edirəm ki, bu yazımı dövlətimizin zirvəsi də oxusun. Biz islahatları dəstəkləyirik, Azərbaycanın yaxşı mənada dəyişməsinə inandığımız üçün bu mövqedəyik və belə davam etməyə də qərarlıyıq!
Sözardı: Neçə illərdir getdiyim beynəlxalq tədbirlərdə yanımda olması üçün hazırlıqlı jurnalist axtarıram. Özəlliklə də mənim arxamca danışanları dişimə vurub baxmışam. Bəlli olub ki, adamların dünyadan xəbəri belə yoxdur; amma yaşayışları, təminatları ən yüksək səviyyədədir!..
Sözardına sözardı: Bu yazıma çoxsaylı fəaliyyətlərimdən sadəcə birinə aid videonu əlavə edirəm. Baxın, sizin də belə fəaliyyətiniz olubsa, mən Azər Həsrət “Əməkdar jurnalist” adımdan imtina edib, cənab Prezidentdən xahiş edərəm ki, sizə belə bir ad verilməsi məsələsinə baxsın…