Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ayişə Zahid yazır: Görəsən çox istidir?

“Görəsən yayın qızmar günündə açıq havada və ya qapalı məkanda gəzib-dolaşan hicablı xanıma, bu geyimdən istifadə etməyənlə müqayisədə həddindən artıq istidir, yoxsa necə” sualı yəqin bir çoxumuzu düşündürüb.

Belə mövzularla mən də müxtəlif zaman kəsiyində maraqlanıb ətrafımdakı hicablı xanımlara bu cür sual ünvanlamışam. Diqqətimi çəkən məqam isə aldığım cavabların məzmunu ilə bağlı olub. Həddindən artıq isti yay günündə o sualın cavabında o qədər əminliklə “bəli, çox istidir, amma nə edək? Vacib əməldir deyə hicabı bağlamalıyıq” deyəcəklərini gözləmişəm.

Həmin xanımlar isə səmimi bir təbəssümlə gözlədiyimin əksinə olaraq heç də çox isti olmadığını, əksinə, hicab geyimində istiyə qarşı daha dözümlü olduqlarını bildiriblər. İndi o xanımları daha yaxşı başa düşürəm. Belə ki, dini hökmləri araşdırdıqca məsələnin sadəcə isti və ya sərin olmasında tamamlanmadığını, əsas mövzunun dini düzgün təbliğ etməyə çalışmağın, insanların qəlbinə dəymədən onları dinə dəvət etməyin əhəmiyyətli olduğunu anladım. Ona görə ki, məhz bu cür söhbətlər, adətən, çox sadə cümlələrlə yekunlaşır.

Kim olmasından asılı olmayaraq bu sualı ünvanlayan şəxs, üstəlik ibadət əhli də deyilsə, söhbətin sonunda uzun müddətdir eşitməyə adət etdiyimiz o “məşhur” cümləni deyir: “Əsas odur ki, ürəyin təmiz olsun, hicab bağlamasan da olar”. Günahın bu qədər sürətlə yayıldığı bir dövrdə ibadət edən heç kəs verdiyi səthi cavabla qarşı tərəfin daha bir günah qazanmağına səbəb olmaq istəməz. Çünki bu cür qısa söhbətlərdə dini hökmlərin vacibliyini izah etmək bəzən doğrudan da müşkülə çevrilir.

Hicab geyinmək islam dinində vacib əməl hesab olunur. Yerinə yetirib yetirməmək hər bir xanımın şəxsi məsələsidir. Əməl etməmək həmin xanımı ən pis halda günahkar müsəlman edər. Amma “hicab vacib deyil” deməklə bunu dilə gətirən şəxs fərqində belə olmadan dindən çıxmaq təhlükəsi ilə üz-üzə qalır. Ona görə də bu cür suala cavab verərkən düşünürəm ki, bir az ehtiyatlı davranmaq lazımdır.

Sualın cavabına gəldikdə isə öz təcrübəmdən deyə bilərəm ki, yayın qızmar günəş şüası insanın dərisinə birbaşa təsir etdikdə insan o istini daha dərindən hiss edir. Amma hicab günəş şüası ilə insanın dərisi arasında sanki bir pərdə rolunu oynayır və çox zaman o istinin qarşısını böyük ölçüdə alır. Bu düşüncə əlbəttə insandan insana dəyişə bilər, lakin aradakı fərq çox kəskin olmayacaq.

Beləliklə, əgər siz də hicablı bir xanıma istinin ona nə dərəcədə təsir etdiyi sualını ünvanlasanız, eşidəcəyiniz cavab təxminən bu məzmunda olacaq: “Sizə nə dərəcədə istidirsə, bizə də daha çox deyil, həmin dərəcədə istidir”.

Ayişə Zahid

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …