Ermənilərin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistanın növbəti təxribatları zamanı müxtəlif vaxtlarda düşmən tərəfdən odlu silahlardan açılmış atəş nəticəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlunun yaralanması, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Novruzəlizadə Orxan Elxan oğlunun ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumatlar daxil olub.
Daxil olmuş məlumatlar əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.
Faktlar üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq davam etdirilir. Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.