Musa Musayey: “Qərbi azərbaycanlıların ətrafında toplaşdığı bir adam olub, o da Ümummilli Lider Heydər Əliyev idi”
Müsavat başqanı Arif Hacılının təşkil etdiyi bir görüş formatı ilə bağlı müzakirələr səngimir. Əsasən də müxalif cameə AXC şinelindən çıxmış şəxslərin Əli İnsanovla bir masa ətrafında oturub, fikir mübadiləsi aparmasını sərt tənqid edir.
Tənqidçilərin əsas arqumentləri budur ki, vaxtilə Əli İnsanov həmin masanın ətrafında əyləşənləri ən sərt formada təhqir edib. Onda isə sual olunur: bu cür ictimai qınağı təxmin edən radikallar niyə Əli İnsanov amilindən belə möhkəm yapışıblar? Buna müxtəlif cavablar verilir. Əsasən dövriyyəyə belə fikirlər buraxılır ki, Ə.İnsanovun ətrafında güclü və dinamik olan Qərbi azərbaycanlılardan ibarət elektorat var. Müxalifət Ə.İnsanovun bu gücündən guya yararlanmaq istəyir. Maraqlıdır, Qərbi azərbaycanlılar doğrudanmı Ə.İnsanovun ətrafında birləşib və onun göstərişlərinə qulaq asırlar?
- “Mən hələ 2002-2003-cü illərdə parlamentdə çıxış edib demişəm ki, bir nömrəli Qərbi azərbaycanlı elə İlham Əliyevdir”
1999-cu ildən YAP İdarə Heyətinin üzvü olan, 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş , 2006-2010-cu illərdə isə Naftalan şəhərinin icra başçısı işləmiş, əslən Qərbi Azərbaycandan olan Musa Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, heç vaxt vəzifədən gedən şəxslərin arxasınca danışmayıb: “Milli Məclisin deputaı olduğum illərdən əvvəl də mən aktiv siyasətin içində olmuşam. 1987-ci ildən arenadayam. Mən deyə bilərəm ki, bütün Qərbi azərbaycanlıların ətrafında toplaşdığı bir adam olub, o da Ümummilli Lider Heydər Əliyev idi. Bu gün də həmin elektorat onun layiqli davamçısı İlham Əliyevin ətrafında birləşir. Mən də həmin regionun tanınmış bir nümayəndəsi kimi cənab Prezidentin siyasətini dəstəkləyirəm. Heç kimə həmin regionun adından danışmaq səlahiyyəti verilmir. Mən hələ 2002-2003-cü illərdə parlamentdə çıxış edib demişəm ki, bir nömrəli Qərbi azərbaycanlı elə İlham Əliyevdir. İlham Əliyevin babaları və nənələri əslən həmin regiondandırlar. Bizim hamımızın bir lideri olub və indi də var. Bu da Heydər Əliyevlə, onun layiqli davamçısı İlham Əliyevdir. Əli həbsxanadan çıxanda onunla bağlı mənə bir neçə dəfə suallar verdilər. Mən dedim ki, Ə.İnsanov ilk olaraq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etsin. Çünki Ə.İnsanov Heydər Əliyevlə birlikdə uzun müddət parlamentdə təmsil olunub. İlk 91-lərdən olub. Məhz bu amillərə görə onun Heydər Əliyevin məzarını ziyarət etməsini istərdim. Onu bu nüfuza gətirən məhz Heydər Əliyev olmuşdu. Bunu etmədi. Mən bunu ən böyük səhvi kimi qəbul edirəm. Mən Ə.İnsanovla YAP Nəsimi rayon təşkilatında birlikdə təmsil olunmuşam. Şahidi olmuşam ki, hazırda həmin masanın ətrafında oturanları necə təhqir edib. Bu baxımdan da həmin format haqlı tənqidə məruz qalır”.
Məhəmmədəli QƏRİBLİ