Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin fəaliyyəti özünü doğrultmur – Azərbaycan-Amerika Gənclər Birliyi

Vüqar Əhmədov
Azərbaycan-Amerika Gənclər Birliyinin sədri

Əvvəla ondan başlayaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə yeni təyinatdan sonra diaspor hərəkatına yeni nəfəs gələcəyi ilə bağlı ictimaiyyətdə və cəmiyyətdə böyük ümidlər var idi. Lakin gözlənilənlərin əksinə olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi bu sahədə mövcud olan boşluqları aradan qaldırmaq üçün heç bir əməli iş həyata keçirmədi. Bildiyimiz kimi xaricdə təhsil alan Azərbaycanlı gənclərlə işləmək hökumət üçün hər zaman prioritet məsələ hesab olunub. Bu gün xaricdə yaşayan və təhsil alan Azərbaycan gəncliyi zaman-zaman Azərbaycan hökumətinin maliyyələşdirdiyi təşkilatlar çərçivəsində xaricdə bir araya gəlib və diaspor quruculuğu, eləcə də lobbiçilik fəaliyyətində önə çəkiliblər. Hər il yüzlərlə Azərbaycanlı gənc və tələbələrin iştirakı ilə dünyanın müxtəlif aparıcı şəhərlərində forumlar keçirilib. Bu forumlara toplaşan gənclər Azərbaycanın gələcəyi ilə bağlı öz fikir və baxışlarını ortaya qoyaraq Azərbaycan maraqlarının qorunması ilə bağlı yeni təşəbbüslər irəli sürüblər. Məhz bu forumlar sayəsində xaricdə təhsil alan Azərbaycanlı gənclər yaşadıqları ölkələrin parlament üzvləri, hökumət nümayəndələri, jurnalistləri və ictimaiyyəti ilə sıx iş aparıb və ölkəmizi təbliğ ediblər. Təəssüf ki, bu gün belə bir platforma artıq mövcud deyil və bu boşluğu doldurmaq üçün Komitə rəhbərliyinin əlində yetərincə imkanların olmasına baxmayaraq gənclər üçün xarici ölkələrdə yeni fəaliyyətlər təşkil olunmayıb və həmin gənclər öz enerjilərini artıq başqa layihələrə sərf edirlər.

Eyni zamanda xarici ölkələrdə Azərbaycan dövlətinin maraqlarına xidmət etmiş və illərlə formalaşmış diaspor təşkilatları mövcuddur ki, komitə bu qurumları demək olar ki, öz siyahısından çıxarıb. Məhz ulu öndər Heydər Əliyevin iştirakı və xeyir duası ilə ilk dəfə ölkəmizdə Dünya Azərbaycanlılarının qurultayı və bundan irəli gələrək Dünya Azərbaycanlıları və Avropa Azərbaycanlıları Konqresi kimi mötəbər qurumlar yaranmışdır və orada Azərbaycan diasporunu əks etdirən böyük bir potensial formalaşmışdır. Bu qurumların tərkibinə yüzlərlə Azərbaycan cəmiyyətləri və diaspor təşkilatları daxildir. Əfsuslar olsun ki, komitənin yeni rəhbərliyi bu qurumlarla əməkdaşlığı davam etdirməyə cəhd göstərməyib.

Dünyanın aparıcı ölkələrində komitənin fəaliyyəti yalnız səfərlərdən ibarət olub. Erməni diasporunun dərin kök saldığı ABŞ, Fransa və Rusiya kimi aparıcı ölkələrdə komitənin fəaliyyəti gözə dəymir. Bildiyimiz kimi ABŞ-da Amerika Ermənilərinin Milli Konqresi fəaliyyət göstərir və onlar müntəzəm şəkildə konqresmenlər və senatorlarla sıx iş aparırlar. Konqresdə erməni genosidinə dair son aktın qəbulu və qanunsuz Dağlıq Qarabağ rejiminin tədbirinin təşkili məhz bu təşkilatın xidmətləri sayəsində mümkün olmuşdur. Bunun əksinə olaraq Diasporla iş üzrə dövlət komitəsinin rəhbərliyi bu bölgədə Azərbaycan diasporunun güclənməsi üçün nəzərə çarpan işlər həyata keçirməmişdir. Tam əksinə illərlə ABŞ-da fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri demək olar ki, fəaliyyətlərini dayandırıb.

Komitənin fəaliyyətinə nəzər saldıqda isə burada əsasən komitə sədrinin xarici ölkələrə səfərləri və qeyri-diaspora təşkilatları ilə keçirdiyi görüşlər nəzərə çarpır. Nəhayət, ən böyük uğurları kimi təqdim etdikləri Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinə nəzər saldıqda bu qurumun veb səhifəsində hər hansı Azərbaycanın diaspor təşkilatlarının layihələrinin maliyyələşdirilməsi haqqında heç bir məlumata rast gəlmək mümkün deyil. Ümumiyyətlə bu fondun fəaliyyətində şəffaflıqdan söhbət gedə bilməz, çünki fond tərəfindən qrant elanları və müsabiqə haqqında məlumat sayta yerləşdirilməmişdir və xaricdə yüzlərlə Azərbaycan cəmiyyətləri və dərnəklərinin öz layihələrini həyata keçirmək üçün bu qrantlara ehtiyac duyduğu halda onlar bu müsabiqələrdə iştirak etməkdən məhrumdurlar. Halbu ki, bu gün kiçik və məhdud imkanlarla ABŞ-da, İngiltərədə, Belçikada, Norveçdə, Fransada, Almaniyada və digər xarici ölkələrdə layihələr həyata keçirmək istəyən və ürəyi Azərbaycanla döyünən yüzlərlə diaspor təşkilatları və cəmiyyətləri mövcuddur və komitə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində bu təşkilatlar Azərbaycan diasporunun güclənməsi və lobbiçilik işindən kənarda qalırlar.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …