Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan 5 nəfərin – general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb.
Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. İlk dövrdə araşdırmalar “Tərtər işi” ilə eyni icraatda aparılsa da, bu ilin fevralında “Beyləqan hadisələri” üzrə 5 nəfər barəsində cinayət işi ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib. Hakim qarşısına Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və daha 4 nəfər – snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidov çıxarılıb. Təqsirləndirilən şəxslərdən mayor Ülvi Rəşidovla polkovnik-leytenant Ziya Kazımov həbsdə deyil.
Hazırda məhkəmədə təqsirləndirilən şəxslər ifadə verirlər.
Ötən prosesdə təqsirləndirilən Ziya Kazımov ifadə vermişdi. Son proses isə təqsirləndirilən İntiqam Məmmədovun ifadə verməsi ilə davam etdirilib. Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Təhqiqat şöbəsinin baş zabiti – təhqiqatçısı vəzifəsində işləmiş İntiqam Şərif oğlu Məmmədov adam oğurluğu, külli miqdarda dələduzluq, rüşvət vermə, silah tətbiq olunmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, işgəncə, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza vermə maddələri ilə ittiham olunur.
O, məhkəmədəki ifadəsində ittiham üzrə özünü təqsirli bilmədiyini, ona verilən göstərişləri, əmrləri yerinə yetirdiyini bildirib.
Hakimə “Mən kim idim ki? Nə göstəriş verilibsə, onu da icra etmişəm. İcra etməyə bilməzdim. İttihamda yazılanlar üzrə özümü təqsirli bilmirəm” deyib.
O, ifadəsində ittihamda adları yazılan Yasin Quliyevi və İlham Behbudovu ümumiyyətlə tanımadığını, onlarla heç vaxt təmasda olmadığını, onlardan izahat almadığını və alınması prosesində iştirak etmədiyini açıqlayıb.
Bildirib ki, bu şəxslərə qarşı qeyri-insani hərəkətlər etməyib, kimsəyə də belə bir göstəriş verməyib:
– Həmin prosesləri N saylı hərbi hissənin komandiri Mayis Bərxudarovun göstərişi ilə həmin korpusun zabitləri həyata keçiriblər. Bu proseslərə də komandirin tapşırığı ilə həmin korpusun zabiti Ülvi Rəşidovun özü və komandası rəhbərlik edib. Həmin şəxslərin hərbi hissəyə toplanması, orada saxlanması barədə bütün prosesləri hərbi hissə komandiri Mayis Bərxudarovun göstərişi ilə Ülvi Rəşidov təşkil edib. Mənə verilən tapşırıq korpus komandirinin idarəyə göndərdiyi siyahı üzrə hərbiçilərin izahatlarının alınması və rəhbərliyə təqdim etmək olub. 1 nəfərin izahatını almışam. Orada olan qara maskalı və silahlı şəxslərin heç biri mənə tabe olmayıb. Onlara komandanlığı ümumi olaraq Ülvi Rəşidov edib.
Təqsirləndirilən deyib ki, zərərçəkən Vurğun Əbilov epizodunda onunla yüngülvari əlbəyaxa olması hissəsində özünü qismən təqsirli bilir: “Bu hissədə də Vurğuna münasibətdə ağır nəticələr olmayıb”.
Təqsirləndirilən deyib ki, 6 may 2017-ci ildə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev onu və Elçin Əliyevi yanına çağırıb 1-ci Ordu Korpusunun tabeçiliyində olan hərbi hissələrin şəxsi heyəti arasında düşmən qüvvələri ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların aşkar edildiyini deyib. Bununla bağlı araşdırma başladığını, ordu korpuslarının təhqiqatçılarından qruplar yaratmaqla həmin hadisələrlə bağlı araşdırma aparılmasına zərurət olduğunu bildirib. Rauf Kişiyevin göstərişi əsasında tanıdığı hüquqşünaslardan 2-ci təhqiqat bölməsinin təhqiqatçıları Şahin Cəfərov və Rahib Məmmədovu, 6-cı təhqiqat bölməsinin təhqiqatçısı Təbriz Akbayev və Ruslanı, 1-ci Təhqiqat bölməsindən Emil Eyvazov, 8-ci təhqiqat bölməsindən Nahid Məmmədov və adlarını xatırlamadığı digər təhqiqatçıların ad-soyadlarını bildirməklə yaradılacaq qrupun tərkibinə daxil edilməsini təklif edib. Onun dediyi təhqiqatçıların adlarını Rauf Kişiyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova verib. Bundan sonra əmr tərtib edilməklə bölmələrə həmin gün məlumat verilib.1 gün sonra onlar Tərtərin Şıxarx qəsəbəsində olan hərbi hissəyə gediblər. Orada l-ci Ordu Korpusunun komandiri general-mayor Hikmət Həsənovu, müavini polkovnik Babək Səmidlini, Həsənovun köməkçi Fuad Ağayevi, Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Ramin Əskərovu, 1-ci Təhqiqat bölməsinin rəisi Fərid Dəmirovu görüb.
Həmin hərbi hissəyə başları və gözləri bağlı vəziyyətdə olan hərbi qulluqçular gətirilib. Onlarda şifahi formada düşmən qüvvələri ilə əməkdaşlıqda şübhəli şəxs kimi dindirilməsini və sorğulandığı zaman döyülmələrini, bədənlərinə elektrik cərəyanı verilməsini SAT-ın hərbi qulluqçuları Cəfər Seyidovun nəzarəti altında icra ediblər.
Onlara sorğuda hansı sualların verilməsini, ümumilikdə hansı mövzu üzrə dindirilməsini Fuad Ağayev tapşırıb, Hikmət Həsənov da bu məsələlərdə Fuad Ağayevə göstərişlər verməklə ümumi olaraq aparılan dindirmələrə, işgəncə proseslərinə nəzarət edib. Onlar Rauf Kişiyevin nəzarəti altında, prokurorluğun müstəntiqləri də rəhbər heyətlərinin nəzarəti altında ərazidə saxlanılan şəxslərin dindirilməsini təşkil ediblər.
Təqsirləndirilənin sözlərinə görə, SAT-ın hərbi qulluqçuları dindirmək üçün bəzi vaxtlarda onların dediyi şəxsləri, bəzi vaxtlarda isə özləri istədikləri şəxsləri onların yanına gətirib. SAT-ın hərbi qulluqçularının üzləri bağlı olduğundan onların kimliyini bilməyib. Dindirmə üçün gətirilmiş şəxslərin əlləri və gözləri bağlı vəziyyətdə onların yanına gətirilib.
O bildirib ki, həmin şəxslərə mina partladılması zamanı elektrik cərəyanı verən cihazla elektrik cərəyanı verilməsi, plastik boru ilə SAT-ın hərbi qulluqçularının zor tətbiq etməsi barədə eşidib: “SAT-ın başında maska olan hərbi qulluqçuları 1-ci Ordu Korpusuna sorğulama üçün gətirilmiş şəxsi heyətin başlarına su tökməklə, bədənlərinin müxtəlif nahiyələrinə sillə və təpik zərbələri vurmaqla döyüb işgəncə veriblər”.
SAT-ın hərbi qulluqçularının şəxsi heyəti əvvəllər yeməkxanaya aparmasına şahid olmasa da, daha sonra şəxsi heyəti bir cərgə halında kitelindən tutaraq yeməkxanaya aparmasını təşkil etməsini, əllərində olan vasitələrlə səs yaratmaqla, “səsin ardınca gəlin” demələrinə şahid olub. SAT-ın hərbi qulluqçuları cərgədə düzgün hərəkət etməyi bacarmayan şəxslərə əllərində olan plastik və metal materialdan olan vasitələrlə zərbələr vurublar. O, dindirdikləri Elçin Mirzəliyevin hospitalda ölməsini sonradan bilib.
Təqsirləndirilən deyib ki, Rauf Kişiyevlə Elçin Əliyev Bakıya qayıtdıqdan az sonra onu dəvət edərək Baş Qərargah rəisi Nəcmədin Sadıkovdan materialın daxil olduğunu deyiblər. Bildiriblər ki, 1-ci Ordu Korpusunda olduğu kimi 2-ci Ordu Korpusunda da düşmənlə əməkdaşlıq edən hərbi qulluqçular aşkar edilib. Onların izahatlarının alınaraq nəticəsi barədə Baş Qərargah rəisinə məruzə edilməlidir. Ona Baş Qərargah rəisi Nəcməddin Sadıkovun dərkənarı ilə materialı verib 29 may tarixində Beyləqan rayonunda yerləşən hərbi hissəyə göndəriblər. Material Mayis Bərxudarovun adından Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adına ünvanlanmış iki məktubdan və əlavə edilmiş siyahılardan ibarət olub. Beyləqanda Mayis Bərxudarovla görüşüb. O, məsələdən xəbərdar olduğunu deyib. Mayis Bərxudarovdan həmin məktubda adları keçən şəxslərin nəyə əsasən şübhələnərək adlarını qeyd etdiyini soruşub. Təqsirləndirilənin sözlərinə görə, Mayis Bərxudarov hərbi hissələrin komandirləri və ya tərbiyə işləri üzrə müavinləri tərəfindən həmin şəxslərin adlarının verildiyini deyib. Bundan sonra Mayis Bərxudarovun göstərişi ilə korpusun snayper hazırlığı bölüyünün komandiri Ülvi Rəşidov bu işdə ona kömək göstərməyə başlayıb. Bundan başqa, Mayis Bərxudarov mühafizə üçün N saylı hərbi hissədən hərbi qulluqçuları ayıracağını da bildirib.
30 mayda hərbi hissəyə gələndə artıq ona sorğu-sual üçün ayrılmış kazarmada çoxlu hərbçinin gətirildiyini görüb. Orada Mayis Bərxudarovun dediyi kimi, mühafizə üçün qara formalı, qara maskalı və silahlı hərbçilər olub.
Hər günün sonunda idarə rəisi Rauf Kişiyevə alınmış izahatlarla bağlı məruzə edib. Təqsirləndirilən deyib ki, saxlanılan hərbiçilər onların yanında döyülməyib.
Sorğu prosesində 3 hərbiçi düşmənlə əlaqə yaratmaları barədə izahat verib. Bu şəxslər MAXE Nizaməddin Piriyev, gizir Kamran Babazadə və əsgər Beydulla Abdullayev olublar. Nizaməddin Piriyev gizir Fərhad Qasımovun onu düşmən postuna aparıb orada düşmənə təhvil verdiyini və düşmənin onu həmin postda zorlaması, eyni zamanda özünün də bir neçə şəxsi düşmən tərəfə apararaq təhvil verməsi barədə izahat verib. Onlar Nizaməddin Piriyevdən etiraf izahatı aldıqdan sonra izahatın yoxlanılması məqsədilə orada saxlanılan Fərhad Qasımovu izahat alınması üçün yanlarına dəvət ediblər. Fərhad Qasımov izahatında Nizaməddin Piriyevlə düşmən tərəfə qisas almaq niyyəti ilə keçdiyini, Nizaməddini düşmənə təhvil vermədiyini və düşmənlə hər hansı əməkdaşlıq etmədiyini göstərib. Belə olan halda idarə rəisi Rauf Kişiyevə bununla bağlı məruzə edib. O isə ona hər iki şəxsin oradan Bakı şəhərinə gətiriləcəklərini deyib. Araşdırma apardıqları müddət ərzində gizir Kamran Babazadə izahatında əsgər Beydulla Abdullayevin onu düşmən tərəfə keçirərək onlara təhvil verdiyini və düşmən tərəfindən zorlandığını, düşmən hərbiçilərinin həmin zorlama proseslərini videoçəkilişlə lentə aldıqlarını bildirib. Və bu səbəbdən həmin videogörüntünün yayılmaması üçün düşmənin tapşırığına əsasən onlara zorlamaq məqsədilə bir neçə hərbiçini apardığını deyib. Kamran Babazadənin etiraf izahatından sonra Rauf Kişiyevə bu barədə məlumat verib. Həmin şəxs də Bakıya aparılıb.
Təqsirləndirilən deyib ki, Beyləqanda topladıqları 264 vərəqdən ibarət materialı idarə rəisi Rauf Kişiyevin imzası ilə Respublika Hərbi Prokurorluğuna göndəriblər. Hərbi Prokurorluq materialı geri qaytararaq leytenant Yusif Məmmədov barəsində artıq istintaq aparıldığını və paralel araşdırma aparılmasına zərurət olmadığını, Kamran Babazadə və Nizaməddin Piriyevin izahatları ətrafında əlavə araşdırma aparılmasını, digərlərinin isə mənasız və yalnız fərziyyələrdən ibarət olması ilə bağlı yazılı göstəriş göndəriblər. Yazılı göstəriş idarəyə daxil olduqdan sonra onun icraatına verilib. Göstərişə uyğun olaraq müxtəlif hərbi hissələrə sorğular verərək ehtiyata buraxılmış şəxsləri müəyyən edib, polis orqanları vasitəsilə həmin şəxsləri dəvət edərək izahatlarını alıb. Nizaməddin Piriyevin təkrar izahatını alıb. O da bildirib ki, düşmən tərəfə keçməklə bağlı Hərbi Prokurorluqda araşdırma aparılıb, Beyləqanda verdiyi izahatında həqiqəti deməyib. Bunu orada döyülmək qorxusuna görə yalandan düşmən tərəfindən guya zorlandığını izahatında göstərib.
Araşdırma dövründə alınan izahatlar əsasında Nizaməddin Piriyevin tabeliyində xidmət edən əsgərlərə ayrı-ayrı vaxtlarda zor tətbiq etdiyi, onları döydüyü izahatlardan göründüyündən barəsində Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün Respublika Hərbi Prokurorluğuna göndərib.
03.07.2017-ci il tarixdə ona verilmiş material üzrə Hüquq İdarəsinin rəisi Rauf Kişiyevin adından Baş Qərargah rəisi Nəcməddin Sadıkovun ünvanına yekun arayış tərtib edərək göndəriblər.
İntiqam Məmmədov deyib ki, sorğu-sual prosesində ona 68 nəfərin siyahısı təqdim olunub. Həmin şəxslərin əksəriyyəti ordudan tərxis edildiklərindən 63 nəfərin izahatı alınıb. Onların içində düşmənlə əməkdaşlıq etməsi faktı təsdiq olunmayıb.
“Yeni Müsavat”