Cümə , 22 Noyabr 2024
Drone Cameras

SAMİR ADIGÖZƏLLİ: “Biz Prezidentin mesajlarını əsas tutaraq bu yola çıxmışıq”

Son zamanlar QHT Agentliyi ətrafında baş verənlərlə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli müraciət yaydı.

Müraciəti olduğu kimi təqdim edirik:

Dəyərli dostlar, media təmsilçiləri və QHT nümayəndələri,
Bildiyiniz kimi son dövrlər mən və bir neçə cəsarətli həmkarım Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində (QHT Agentliyində) baş verən ciddi qanun pozuntuları ilə bağlı haqlı etirazlarımızı bildirməkdəyik. Bəzi həmkarlarımızı min bir bəhanə ilə qorxudub susdurublar. Bunlar başadüşüləndir.
Sözsüz ki, ciddi faktlara söykənən etirazlarımız və çıxışlarımız Agentlik rəhbərliyini narahat etməkdədir.
Burada məqsədimiz son vaxtlar intensiv hal almış və son dövrlər qırmızı xətti keçən özbaşınalığa son qoymaqdır.

Görünür Agentlik rəhbərliyi bu vəziyyətdən çıxış yolu tapmaq üçün bizə qarşı təqyiqləri artırmaq və bizi susdurmaq üçün müxtəlif yollara əl atırlar. Bu gün bir QHT-nin ofisində toplanaraq haqqımızda ölkə başçısına şikayət məktubu göndərmək barədə plan qurublar (sağ olsun qrup üzvünün biri bu informasiyanı bizə verdi).

Ya bunların məntiqi yoxdur, ya da bunlar öz maraqlarını dövlət maraqlarından üstün tutur. Bizim haqqımızda nəyi şikayət edəcəksiz? Niyə qanunçuluğun qorunmasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, ədalətli qrant siyasətinin həyata keçirilməsini tələb edirik? Budur şikayətiniz))
Buradan QHT rəhbərlərinə muraciət edərək, QHT Agentliyi ətrafinda yaranmış son durumla bağlı təcili qapalı konfrans keçirməyi təklif edirəm. Kimlər razıdırsa mənə şəxsiyə yazsın. Bu konfransa Prezident Administrasiyasının aidiyyəti şöbələrinin nümayəndələrini və digər əlaqəli qurumların təmsilçilərini də dəvət etməyi planlaşdırıram.

Orada bu gün ictimaiyyətə açıqlanmayan biabırçı faktları açıqlamağı, baş alıb gedən özbaşınalığın qarşısının alınması üçün əməli tədbirlər görməyi təklif edirəm. QHT sektorunda davam edən bu biabırçılıq heç kimin ürəyincə deyil, sadəcə nəyəsə görə məcbur susurlar.

Bu hadisələrin dövlətçiliyimizə, ictimai sektora nüfuz gətirən bir məntiqi sonluqla bitməsi vacibdir.
Cənab Prezident İlham Əliyevin ictimai sektordan gözləntiləri böyükdür, biz onun ictimai nəzarətlə bağlı mesajlarını əsas tutaraq bu yola çıxmışıq. İctimai nəzarəti məhz QHT Agentliyindən başlamaq lazımdır. Bunun üçün ilk növbədə biz özümüz şəffaf və obyektiv olmalıyıq.

Sonda bu gün eşitdiyim məsələ ilə bağlı ataların bir misalını xatırlatmaq istərdim: “Oğru elə bağırdı ki, dogrunun bağrı yarıldı”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …