Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Dünyaya göstərdilər ki, Ermənistanın beynəlxalq hüquqdan, insanlıqdan, himanizmdən danışmağa nə üzü, nə də haqqı var”

“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanat verərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edirik”. Bu barədə bir qrup xarici qeyri-hökumət təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edib.

Müraciətdə bildirilib ki, yaranmış vəziyyət itkin düşmüş şəxslər probleminin həlli və onların ailələrinə yardımın göstərilməsi üçün beynəlxalq səylərə təcili ehtiyac olduğunu nümayiş etdirir. “Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü nəticəsində birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 azərbaycanlı rəsmi olaraq itkin kimi qeydə alınıb. Onların 3171-i hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub. Təəssüflər olsun ki, mülki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub. İçərisində 29 nəfər uşaq, 98 nəfər qadın və 112 nəfər ahıl olmaqla, itkinlərin 872 nəfəri ya girov götürülüb, ya da xəstə və ahıl olduqları üçün ərazini tərk edə bilməyiblər. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb. Bundan başqa, İkinci Qarabağ Müharibəsi zamanı 6 nəfər azərbaycanlı itkin düşüb,onların harada olması və taleyi ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur. Beynəlxalq humanitar hüquq (BHH) silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə diqqət çəkir və 1949-cu il qəbul edilmiş Cenevrə Konvensiyaları belə vəziyyət üçün xüsusi tələblər və müdafiə vasitələri müəyyən edir. Beynəlxalq humanitar hüququn tələblərinə görə, münaqişə tərəfləri itkin düşmüş şəxsləri axtarmağa və onların sayını müəyyənləşdirməyə borcludurlar. Bura həm münaqişə zamanı əlaqə kəsilmiş döyüşçülər, həm də ailələrindən ayrılmış mülki şəxslər daxildir. Tərəflərdən tələb olunur ki, itkinlər haqqında məlumat toplamasınlar və təqdim etsinlər, əsir və girovlarla ailələri arasında ünsiyyəti asanlaşdırsınlar. Onlar həmçinin ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsini təşkil etməli və onların ailələrinə məlumat verməlidirlər. İtkin düşmüş şəxslərin ailələri öz yaxınlarının taleyini və harada olduğunu bilmək hüququna malikdirlər. Ermənistan itkin düşmüş şəxslərin şəxsiyyətini müəyyənləşdirməkdən və ailələrinə məlumat verməkdən yayınır və israrla bundan imtina edir. Ermənistan 30 ildir itkin düşənlərin taleyinin müəyyən edilməsi məsələsindən yayınır. 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, əsirləri saxlayan qurum həlak olmuş hərbi əsirlər haqqında məlumatların qeydə alınmasını və bu əsirlərin mənsub olduğu quruma ötürülməsini təmin etməlidir. Əsirləri saxlayan qurum, həmçinin köçürülən, azad edilən və ya qaçan hərbi əsirlər haqqında informasiyanı təqdim etməlidir. Cenevrə Konvensiyaları silahlı münaqişələrdən zərər çəkmiş şəxslərin, o cümlədən itkin düşmüş şəxslərin hüquqlarını və ləyaqətinin qorunmasının vacibliyini vurğulayır, onların ailələrinin çəkdiyi iztirabları yüngülləşdirməyi hədəfləyir. İtkin düşmüş azərbaycanlılarla bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq humanitar hüququ və yuxarıda qeyd olunan Cenevrə Konvensiyalarını, insan hüquqlarını, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin itkinlərin taleyi ilə bağlı məlumat almaq hüquqlarını kobud şəkildə pozur. 30 ildən çoxdur ki, Azərbaycanda itkin düşmüş şəxslərin ailələri Ermənistan tərəfindən bu fundamental hüquqdan məhrum edilib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin araşdırmaları göstərir ki, Birinci Qarabağ müharibəsi zamanı 61 ailənin hər birinin 2-7 ailə üzvü itkin düşüb, lakin onların heç birinin taleyi hələ də məlum deyil. Bu ağır vəziyyət nəinki itkin düşmüş azərbaycanlıların ailələrinə dərindən təsir edir, həm də bəşəriyyət üçün utancvericidir.

Son illər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən ciddi səylər göstərilib. Bu təşəbbüslər nəticəsində ailələrdən bioloji nümunələrin toplanması, DNT profillərinin çıxarılması və azad edilmiş ərazilərdə qazıntıların aparılması təşkil edilib ki, bu da ailələrə ümid hissi aşılayır. Buna baxmayaraq, bir müddət öncə 9 kütləvi məzarın üzə çıxması bizi dərindən kədərləndirir. Bu kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i isə Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlıq müəyyən edilib və bu istiqamətdə araşdırmalara başlanılıb. İnsanların qeyri-insani şəraitdə, sistematik şəkildə öldürülməsi və bu cür basdırılması onların izlərini silməklə bərabər, bütün insanlıq dəyərlərinə hörmətsizlik deməkdir və ağılasığmaz vəhşiliyin sübutudur. İtkin düşmüş şəxslərin problemi qlobal problemdir. Bu, ümumbəşəri miqyasda rezonans doğuran, dünyanın müxtəlif regionlarına və ölkələrinə təsir edən problemdir. Silahlı münaqişələr və ya digər hallar səbəbindən insanların itkin düşməsi fenomeni bu aktual narahatlığı aradan qaldırmaq üçün xalqların və beynəlxalq təşkilatların birgə məsuliyyətini vurğulayır. İtkin düşmüş şəxslərin problemini həll etmək səyləri onların tapılması və müəyyən edilməsi, ailələrinə dəstək verilməsi, insan hüquqları, ləyaqət prinsiplərinin müdafiəsi məqsədilə əməkdaşlığı, hüquqi çərçivələr müəyyən etməyi və humanitar təşəbbüslərin həyata keçirilməsini tələb edir. Biz Ermənistanı Birinci Qarabağ müharibəsi zamanı işgəncə düşərgələrində işgəncələrə, qeyri-insani rəftara və ölümə məruz qalmış 4000 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıqların coğrafi koordinatlarını verməyə çağırırıq. Biz BQXK-nı itkin düşmüş azərbaycanlıların taleyini və harada olduqlarını aydınlaşdırmaq üçün səyləri artırmağa və bu məqsədlə Ermənistanla dialoqa getməyə çağırırıq.

Biz İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanı (ICMP) 1-ci və 2-ci Qarabağ müharibələri zamanı itkin düşmüş azərbaycanlıların müəyyən edilməsinə və onların taleyi ilə bağlı məlumatların əldə edilməsinə diqqəti artırmağa çağırırıq.

Biz beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanı itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamağa, kütləvi məzarlıqların yerlərini təqdim etməyə çağırsın. Biz BMT-yə müraciət edirik ki, BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi Məruzəçisi institutu yaradılsın və Məruzəçi bu qlobal problemi, hələ də sonrakı taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həllinə töhfə versin”, – müraciətdə vurğulanır.

Qeyd edək ki, müraciəti Ayşa Hafizoviç Hadcimeşiç ( “Srebrenitsa anaları və Jepa Anklavı” İctimai Birliyi, Bosniya və Herseqovina,  Petsi Stillo (“Sağlamlıq Tərəfdaşları”, ABŞ), Eliud Emeri (“Keniya Öt Kökləri Təşkilatlarının Konsorsiumu”, Keniya), Adv Məhəmməd Buks  (“Sukaar Rifah Təşkilatı”, Pakistan), Piter Oviti ( “WOTE” Gənclərin Layihələrinin İnkişafı Təşkilatı, Keniya), Risikat Abimbola Akevula (“Nigeriya Ekoloji Cəmiyyəti”, Nigeriya),  Mohmad Hüseyn Loun ( “İnsan Hüquqları üzrə Beynəlxalq Komissiya”, Hindistan),  Lindokule Sibiya ( “Gənclər və Qadınlar Dəyişikliklər üçün Təşkilatı”, Esvatini), Ridhivani Sadiqi (“Keniyanın inkişafı üzrə Vətəndaş Şəbəkəsi”, Keniya),  Hote Kasonqo İlunqa (““Biso” İnsanlar”, Konqo Demokratik Respublikası) imzalayıb.

  • “Belə təşəbbüslərin sayı artarsa, Ermənistan bu məsuliyyətdən yaxa qurtara bilməyəcək”

Xarici QHT-lərin beynəlxalq təşkilatlara müraciətinin effekt verəcəyinə ümid etdiyini deyən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər” qəzetinə şərhində “Əvvəla onu qeyd edim ki, xarici QHT-lərin bizim haqlı mövqeyimizi dəstəkləməsi və ondan çıxış etməsi çox müsbət addımdır. Bu, dövlətimizin ədalətli işinə dəstək baxımından olduqca vacib məsələdir. Bu xarici QHT-lərin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzü və 30 il torpaqlarımızı işğalda saxlaması faktını beynəlxalq müstəviyə çıxarmasıdır. Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən əsir və girov götürülən hərbçilərimizin, eləcə də mülkü vətəndaşlarımızın illərdir taleyi barədə bir məlumat yoxdur. Şəxsən tanıdığım ailələrin əzizləri vardı ki, onlardan da illərlə xəbər olmayıb, bu yaxınlarda Ağdamda kütləvi məzarlıqda onların qalıqları aşkarlanıb. Bu çox ağrılı bir məsələdir, illərdir ailələrin gözləri yoldadır. Bu gün taleyindən heç bir soraq olmayan vətəndaşlarımızla bağlı xarici QHT-lərin dünya ictimaiyyətinə müraciəti çox mühüm bir hadisədir. Ermənistanın bu cinayətlərinə beynəlxalq təşkilatların rekasiya verməsi üçün bu vacib məsələdir”-deyə bildirdi.

S.Adıgözəlli vurğuladı ki, Ermənistanın cinayətləri bütün sınırları aşıb. Bu ölkənin  bütün beynəlxalq konvensiyaları, sənədləri kobud şəkildə pozduğunu deyən S.Adıgözəlli hesab edir ki, xarici QHT-lər bir daha bunu beynəlxalq gündəmə daşıyıb. “Onlar da dünyaya göstərdilər ki, Ermənistanın beynəlxalq hüquqdan, insanlıqdan, himanizmdən danışmağa nə üzü, nə də haqqı var. Xarici qeyri-hökumət təşkilatlarının bu məsələni təfsilatı ilə izah etməsi, tələblər irəli sürməsi, Ermənistanla bağlı tədbir görülməsini istəməsi tamamilə beynəlxalq hüquqa uyğundur. İndi görək mühüm beynəlxalq təşkilatların Ermənistana təzyiq vasitələri necə işləyəcək. Bunu gələcəkdə görəcəyik. Amma belə təşəbbüslərin sayı artarsa Ermənistan bu məsuliyyətdən yaxa qurtara bilməyəcək. Proses də ona doğru gedir” – deyə S.Adıgözəlli qeyd etdi.

Leyla QARAXANLI

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …