Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Azərbaycanlıların yaşamaq hüququnu pozduğuna görə Ermənistanın kompensasiya ödəməsini təmin etmək vacibdir” – RƏY

“Ermənistanın azərbaycanlıların yaşamaq hüququnu pozduğunu tanıtmaq və həmin şəxslərin ailələrinə kompensasiya ödənilməsini təmin etmək vacibdir”.

Bunu “Report”a açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib.

O, Azərbaycan hökumətinin bir neçə istiqamətdə Avropa Məhkəməsinə müraciət etdiyini vurğulayıb: “Bir neçə ay əvvəl belə bir məlumat yayılmışdı ki, Azərbaycan hökuməti Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi barədə Avropa Məhkəməsinə müraciət edib. Məhkəmə də Ermənistan hökumətinin üzərinə öhdəlik qoyub ki, xəritəni versin. Ancaq faktiki olaraq həmin verilən xəritə reallığa uyğun deyil, saxtadır”.

Ə.Mustafayev bildirib ki, Azərbaycan ərazisinə minalar yerləşdirməsi ilə bağlı Ermənistana qarşı yenidən iddialar qaldırmaq olar.

“Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” qərarı olub. Orada göstərilir ki, vaxtilə işğal olunmuş əraziyə inzibati idarəçiliyi Ermənistan həyata keçirib. Ona görə də ərazilərə minaları Ermənistanın döşədiyini sübut etməyə ehtiyac yoxdur. Azərbaycan dövləti bundan istifadə edərək yenidən real xəritələrin verilməsini, Ermənistan tərəfindən Azərbaycan ərazisinə minaların daşınmasının qadağan olunması və bundan ötrü nəzarətin qurulması tələblərini qoya bilər. Bundan başqa, Ermənistanın insanların yaşamaq hüququnu pozduğunu tanıtmaq və həmin şəxslərin ailələrinə kompensasiyanın ödənilməsini təmin etmək olar. Bu yolda ciddi işləmək lazımdır”, – hüquqşünas vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlının Ermənistanın basdırdığı minaların qurbanı olduğu barədə məlumat paylaşıb. O həmçinin Ermənistan və Qarabağdakı qeyri-qanuni marionet xunta rejiminin həmin ölkədə istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirdiyini diqqətə çatdırıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …