“Bilirsiniz ki, Azərbaycanın çox müasir, peşəkar ordusu var. Son zamanlar komando hərbi birlikləri yaradıldı və meşə-dağlıq ərazilərdə separatçılara qarşı təlimlər keçirildi. 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi hissəsi darmadağın edildi. Onlar indi də Azərbaycanın hərbi birləşmələrinin qarşısında tab gətirə bilməzdilər. Ermənilər onsuz da bir neçə günə təslim olacaqdılar, başqa yolları yox idi. Əgər təslim olmasalar, bütünlükdə məhv ediləcəkdilər…”
Boyukmillet.com xəbər verir ki, bu sözləri Yenisabah.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri, hərbi ekspert Emin Həsənli deyib.
Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq haqda danışan ekspert bunun gözlənilən olduğunu bildirib:
“Əməliyyatların getdiyi ərazilər dağlıq ərazilər idi, orada döyüş aparmaq çox çətindir. Ağdərənin relyefi Şuşadan da çətindir. Ağdərədə yaşayanlar, 90-cı illərdə orada əməliyyatda olan hərbçilərimiz bunu yaxşı bilir. O cümlədən, Xocalı, Xocavənd, Əsgəran istiqamətində olan ərazilər hər kəsə bəllidir.
Ancaq Azərbaycan ordusu çox peşəkardır, 44 günlük Vətən Müharibəsində də böyük təcrübə əldə ediblər. Bundan əlavə, bizim üçün insan amili də çox önəmli idi, biz az itki verib yüksək nəticə əldə etməyə çalışırdıq.
Azərbaycan dövləti üçün həmişə insan amili önəmli olub, həm öz hərbçilərimizi maksimum qorumağa, həm də düşmənin mülki əhalisini qorumağa çalışırdıq. Mülki əhalinin zərər görməməsi üçün çağırışlar edilirdi, müəyyən addımlar atılırdı. Mülki əhali olan ərazilərdən kənarda hərəkət edildiyini hər birimiz bilirdik.
Ermənilər maksimum bir neçə gün tab gətirə bilərdilər. Azərbaycan Ordusu peşəkardır və düşməni darmadağın etdi. Çünki Azərbaycan dövləti son 3 ildə həm diplomatik mərkəzdə, həm hərbi müstəvidə bu əməliyyatın keçirilməsi üçün zəruri olan bütün addımların hamısını atıb”.
Ekspertin sözlərinə görə, bu, düşmənin son şansı idi və ağ bayrağı qaldıraraq təslim olacaqlarını hər kəs bilirdi:
“Ali Baş Komandan, Cənab Prezident nəyi nə zaman və necə edəcəyini çox əla bilir, ona görə də sevincli xəbəri eşidəcəyimiz gün uzaqda deyildi. Bu, düşmənin son şansı idi, yaxşı olardı ki, əməliyyat olmadan təslim olardılar, ancaq onların ağlı başlarında deyil. Onların ağlını başına dəmir yumruq gətirdi. Necə ki, Şuşa alınandan sonra Ermənistanın 25 minlik ordusu mühasirəyə düşəcəkdi və onlar məcbur olub atəşkəsi imzaladı, indi də lazımi addımlar atıldıqdan sonra təslim oldular. Onların başqa çarələri yox idi. Əks halda, Azərbaycan ordusu terrorçuları son nəfərinə qədər zərərsizləşdirəcəkdi”.
Əsmətxanım Rzazadə