Cümə , 22 Noyabr 2024
Drone Cameras

Böyük savaşın düyməsi basıldı – “Hədəflərində Azərbaycan da var”

“Dünyada baş verənlərin sxemi asta-asta görünməyə başlayır. Öncə Rusiyanın Ukraynaya hücumu və böyük müharibənin başlaması, ardınca da HƏMAS-ın İsrailə hücumu ilə başlayan Yaxın Şərq çalxalanması. İndi qalır Ukraynadan Yaxın Şərqə bir xətt çəkib növbədə hansı bölgənin olduğunu anlamaq”.

Boyukmillet.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Ukrayna və İsrailə hərbi yardımla bağlı Konqresə yolladığı təklifi təsadüfən eyni paketə daxil etməyib:

“Netanyahu hökumətinin Rusiyaya qarşı heç bir addım atmamaq naminə Ukraynaya hərbi yardımdan yayınmasına rəğmən, Putin İsrailə olan hücumu açıq şəkildə dəstəklədi.

Qərb yeni dünya düzəninə ehtiyac olmasının anonsunu verdi, Rusiya isə yeni silahlarının mövcudluğunu bəyan etdi. Kimin nə dərəcədə hazırlıqlı olduğunu və ya sadəcə qorxu yaratma taktikasına əl atdığını demək asan deyil, amma mövcud şəraitdə müdafiəyə hazır olmaq əsas vəzifədir.

Bayden Avropa Birliyi liderləri ilə Ağ Evdə, Putin isə Çin rəhbəri ilə Pekində faktiki eyni vaxtda görüş keçirdi. Bunlarla yanaşı, Çin və ABŞ Yaxın Şərqə öz hərbi gəmilərini toplamağa başlayıb. Deməli, artıq təkcə Ukrayna-Yaxın Şərq xətti deyil, qütblər də müəyyənləşib. Başqa sözlə desək, hər kəs səhnəyə çıxıb.

İndi qalan bircə Rusiyanın Yaxın Şərqə çıxışıdır ki, bunu etmək üçün də Moskva Cənubi Qafqaza, xüsusilə də Azərbaycana təsirini artırmalıdır. Qərbin isə həmin yolu iki yerdən kəsmək imkanı var: Cənubi Qafqazdan və İrandan. Amma bu, heç də xəritədə göründüyü qədər sadə və asan deyil. İrana qarşı atılacaq istənilən addım Rusiyanın Yaxın Şərqə daha aktiv müdaxiləsinə rəvac verə bilər, Cənubi Qafqaza isə Qərbin təsir imkanları yetərincə məhduddur. Bundan başqa, resurslar da yetərli deyil. Nəhayət, Rusiya Qərbi hər iki nöqtədə – Ukrayna və Yaxın Şərqdə qabaqlayıb. Hər ikisində də hərbi gücdən istifadə etməklə.

İndi Avrasiya uğrunda mübarizə iki qütb arasında davam edəcək: Rusiya-Çin-İran və ABŞ-Avropa-İsrail qütbləri arasında. Əksər ərəb ölkələri və Türkiyənin mövqeyi isə hələ aydın deyil. Hətta ABŞ-la müttəfiq olan ərəb ölkələri də HƏMAS-İsrail savaşından sonra ondan uzaqlaşmağa başlayıblar, Türkiyə isə gözləmə mövqeyi tutur”.

Ərəstun Oruclunun fikrincə, ən pisi odur ki, qütblər arasında danışıqlar aparmaq imkanı və məkanı da durmadan daralır:

“Çünki artıq mübarizə döyüş meydanına keçib. Orada da “həqiqət” güclünün tərəfində olacaq. Yaxın Şərqdə böyük müharibə ehtimalı varmı? Əlbəttə var, amma bunun ən yaxın zamanlarda baş verəcəyi mümkün deyil. Çünki istənilən müharibə resursların və güclərin döyüş meydanında və ya onun ətrafında toplanmasından sonra başlayır ki, bu da tezliklə olmayacaq. Odur ki, hələlik proksi müharibələr davam edəcək, mümkündür ki, bunun coğrafiyası genişlənsin. İstisna deyil ki, o cümlədən də Qafqazda da…

Təəssüf ki, Azərbaycanın da proksi hücumların hədəfinə gəlmək ehtimalı durmadan artır. Belə proksi qruplar isə var, onlardan xüsusilə cənub qonşumuz İranın geniş tətbiq etdiyi asimmetrik müharibə taktikasında istifadə olunur. Rusiyada bu sxemə müxtəlif separatçılar və “Vaqner” kimi qruplar daxildir.

Mövcud şəraitdə Azərbaycan Gürcüstan xaric qalan bütün qonşuları ilə sərhədlərinin yaxınlığında müdafiə imkanlarını artırmalıdır. O cümlədən də Xəzər dənizi sahilləri boyu – həm suda, həm də quruda.

İsrailə qarşı həyata keçirilən hücum təkcə destabilizasiya və zərbə endirmək məqsədi güdmürdü. Bu, həm də modelin testi idi. Model uğurlu alındığından onun və ya ona yaxın variantın bu dəfə Cənubi Qafqazda işə salına biləcəyi istisna deyil. Dağıdıcı gücə qarşı yeganə təsirli vasitə isə daha böyük gücdür. Özü də onun beşiyində”. (teleqraf.com)

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …