“Rəqib də, biz də güclüyük. Meydana qələbə üçün çıxacağıq”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Mütəxəssis finala gedən yolda qalibiyyətə ümid etdiklərini bildirib: “Mən hər zaman komandama inanıram. Amma oyunun yaxşı alınmasından çox şey asılıdır. Xalqımıza final sevinci yaşatmaq istəyirik”.
Quliyev Bolqarıstana 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final oyununa da toxunub: “Maraqlı qarşılaşma alındı. Rəqib çox yaxşı komandadır. Onlara qarşı çıxış etmək bütün kollektivlər üçün çətindir. Oyunçuları və xalqımızı qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, bu gün reallaşacaq Azərbaycan – Qazaxıstan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.