Qarabağın işağdan azad olunmasının 3-cü ilidir. Torpaqların işğal dövrü ərzində Azərbaycan güclü dövlət olmaq üçün daim yeniliklər etdi. Həm iqtisadi cəhətdən inkişaf edən, həm də hərbi cəhətdən güclənən Azərbaycan bütün prosesləri, həqiqətləri sübut edərək dünya ictimaiyyətinə çatdırıb. 44 günlük müharibənin qalibi olan ölkəmiz dünya ictimaiyyətinə həm hərbi, həm də siyasi qüdrətini sübut edib. Azərbaycan 30 illik həsrətdən sonra işğal altında olan torpaqlarını geri almasının 3-cü ildönümünü qeyd edir. Bu konteksdə Zəfər paradı Xankəndidə keçirilərsə tariximizdə bu hadisənin siyasi-hərbi əhəmiyyəti nədən ibarətdir?
Bununla bağlı BiG.AZ-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, Zəfər paradının çox böyük əhəmiyyəti var. 2020-ci ildə Azadlıq meydanında keçirilən parad qələbə və ərazi bütövlüyünün, suverenliyimiz bərpası idi:
“Xankəndidə paradın keçirilməsini, bayrağın qaldırılmasını arzu edirdik. Xankəndidə müstəqillik əldə edəndən bəri Azərbaycan bayrağı dalğalanmamışdı. İlk dəfə 2023-cü ilin 15 oktyabrında cənab Prezident Azərbaycan bayrağını dalğalandırdı. Müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalandı və bu böyük bir tarixi hadisədir. Sovetlər dağılan ərəfədə separatçılar 1988-ci ilin fevralında başlamışdı. 35 il sonra İlham Əliyevin rəhbərliyi altında ordumuz separatizmə son qoydu. Bu hadisə Azərbaycan xalqına böyük mənəvi-psixoloji baxımından əhəmiyyət kəsb edir”.
Emin Həsənlinin sözlərinə görə, bu düşmənlərə mesajdır ki, Azərbaycanda separatizm meyilləri heç bir zaman olmayacaq:
Bu tarixi hadisə Ermənistan və onun arxasınca duranlara, böyük Ermənistan iddialarına zərbədir. Azərbaycan xalqının vətənpərvərliyinin, öz torpağına bağlı olduğunun göstəricisidir. Allah şəhidlərimizə rəhmət eləsin. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti güclü dövlətdir. Güclü ordusu hər bir tapşırığı yerinə yetirməyə layiqdir. İlham Əliyev qısa dövr ərzində öz fəaliyyətilə sübut etmişdir və yüksək səviyyəyə qaldırmışdır. Xalqımıza qələbə yaraşır. Zəfər bayramı münasibətilə bir daha xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə can sağlığı versin!”.