Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dövlət Film Fondunda “İZ” sənədli filminin təqdimatı olub

Dövlət Film Fondunda “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan filmin ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov deyib ki, Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, ordumuzun qüdrətini, döyüş bacarığını və suverenliyimizin bərpasını bütün dünyaya nümayiş etdirdi.

Bildirilib ki, “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4 dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında dədə-baba torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat tarixçəsi öz əksini tapıb. Həmçinin azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərin məqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı bildirib ki, belə tədbirlərin sayının çox olması xalqımızı daha da birləşdirir və daha geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır. O, cümlədən Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya arenasına çıxarılmasında əsaslı dönüş yaradır.

Beynəlxalq Media Qrupunun İdarə Heyətinin sədri Rahim Sadıqbəyli çıxışı zamanı 2023-cü il oktyabrın 21-də İsveçin paytaxtı Stokholm şəhərində sənədli filmin ingilis dilində təqdimatının keçirilməsi və böyük rezonans doğurmasından danışdı. O qeyd edib ki, filmin təqdimatının nəticəsində dünyanın bir çox ölkələrində erməni lobbisində narahatlıqlar yaranıb. Çıxışlardan sonra sənədli film nümayiş olunub.

Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …