Dekabrın 20-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “1988-1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyanın hesablanması” layihəsinin yekun hesabat yığıncağını keçirmişdir.
Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin sədri Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq 1988-1992-ci illər deportasiyası zamanı soydaşlarımızın məruz qaldığı tarixi faciədən bəhs etmiş, həmin hadisələr nəticəsində Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanın – o vaxtkı Ermənistan SSR ərazisinin 22 rayonunun 300-ə yaxın yaşayış məntəqəsindən 49 928 ailədə 250 min nəfər azərbaycanlı əhalinin doğma yurdlarından zorla qovulduğunu xatırlatmışdır. Ə.Ələkbərli qeyd etmişdir ki, həmin hadisələr zamanı soydaşlarımızın fərdi və ictimai təsərrüfatlarda milyardlarla manat dəyərində olan əmlakı əvəzi ödənilmədən ermənilər tərəfindən qəsb edilmiş, dinc insanlar psixoloji travma almış, yüzlərlə soydaşımız qətlə yetirilmiş, şikəst edilmiş, minillərin yadigarı olan tarixi abidələrimiz, pir, ocaq, məscid və qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılmış və məhv edilmişdir.
Bütün bunların qeydiyyata alınmasını, hesablanmasını, sənədləşdirilib ortaya qoyulmasını son dərəcə vacib, tarixi və dövlət əhəmiyyətli iş hesab edən Cəmiyyət sədri hazırkı layihənin icrası üçün AQC-yə dəstək verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, ekspertlərə, mütəxəssislərə bir daha öz təşəkkürünü bildirmişdir.
Layihənin ilk mərhələsində 250 min nəfər qaçqın soydaşımızın ictimai əmlak sektorunda qalan əmlakının hesablanmasını başa çatdırdıqlarını, bu hesablamaların kitab şəklində dərc olunub tədbir iştirakçılarına çatdırıldığını bildirən Ə.Ələkbərli növbəti mərhələlərdə qaçqın soydaşlarımızın fərdi təsərrüfatlardakı əmlakının, tarixi abidələrimizə, insan resursuna, yeraltı və yerüstü sərvətlərimizə vurduğu ziyanın hesablanmasına çalışacaqlarını, bu işdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına böyük ümid bağladıqlarını qeyd etmişdir.
Daha sonra tədbirdə iştirak edən QHT rəhbərləri, ziyalılar, qaçqınların nümayəndələri çıxış etmişlər. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, AQC-nin sədr müavini Cəmşid İrzaquliyev, Çexiya Universitetinin professor Azər Kərimov, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə, Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov, “Cümhuriyyet” qəzetinin baş redaktoru, Cebhe.info xəbər portalının direktoru Rafail Becanov, Dünya Azərbaycanlıları Konkresinin Aparat rəhbəri Samir Adıgözəlli, AQC İdarə Heyətinin üzvü, dosent Muxtar Oxçoğlu, ağsaqqal Yusif Qazıyev, şair Binnət Əsgərov, Göyçə Cəmiyyətinin sədri Şahlar Hacıyev və b. çıxış edərək layihənin vacibliyindən, onun uğurla həyata keçirilməsindən, qaçqınların hələ də həllini gözləyən problemlərdən bəhs etdilər.