Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Rəqiblərimə nəzərən mən daha şanslı namizədəm” – Əhməd Şahidov

“Seçicilərin ayağına gedərək, hətta qapı-qapı gəzərək vətəndaşlarla şəxsən ünsiyyətdə olacam”

Əslən Qaxdan olan tanınmış hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov növbədənkənar parlament seçkisində iştirak edəcəyini bəyan edib. Ə.Şahidov 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlayıb.

Hüquq müdafiəçisi ilə söhbətə keçməzdən öncə bildirək ki, Əhməd Şahidov 2015-ci il parlament seçkilərində də namizəd olub və ciddi dəstək görüb. Bu baxımdan hüquq müdafiəçisinin şansı yüksək dəyərləndirilir. Xüsusən, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Azərbaycan dövlətini müdafiə edən çıxışları seçkidə qələbə qazanmaq ehtimalını artırır. Şübhəsiz, yekun qərarı qaxlılar verəcək.
.
– Əhməd bəy, seçkiyə müstəqil namizəd kimi qatılırsız, yoxsa hansısa siyasi təşkilatı təmsil edirsiz?

– Seçkiyə bitərəf namizəd kimi qatılıram. Heç bir siyasi partiyanın üzvü olmamışam, hazırda da partiya mənsubluğum yoxdur. Sənədlərimi 112 saylı Qax seçki dairəsinə təqdim etmişəm. Yaxın günlərdə imza vərəqələrimi alacam və imza toplamağa başlayacam. Bilirsiz ki, seçki ilə bağlı namizəd olanların sayı çoxdur. Bu aktivlik son aylar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar fonunda gənc nəslin müəyyən vəzifələrə çəkilməsi və yeni yaranmış ictimai-siyasi mühitlə bağlıdır. Kifayət qədər gənc idarəetməyə və qanunverici hakimiyyətə iddialıdır. Azərbaycanda yüksək potensiala sahib, xaricdə təhsil almış istedadlı gənclər çoxdur. Seçkidə güclərini sınamaq qərarına gəlmələri isə təqdirəlayiqdir.

– Parlament seçkisində təcrübəniz var. Seçki marafonuna ikinci dəfə qoşulmağınız qalib olmaq şansınızı artırırmı?

– 2015-ci il noyabr ayının 1-də keçirilən parlament seçkilərində 112 saylı Qax seçki dairəsinə namizədliyimi vermişdim. İlk dəfə olaraq Qaxda yeni, innovativ, canlı təmaslarla müşahidə olunan seçki kampaniyası aparmışdım və uğurlu nəticələr əldə etmişdim. MSK-nın rəsmi nəticələrinə görə, 2-ci yerdə qərar tutmuşdum. Bu, mənim üçün böyük uğur idi. Qaxlılar o vaxtdan sonra Əhməd Şahidovu daha yaxından tanımağa başladı. Lakin mən digər namizədlər kimi seçkidən-seçkiyə rayona getmirəm. Sosial şəbəkələri və mətbuatı izləyənlər bilir ki, hüquq müdafiəçisi Əhməd Şahidov hər ay müntəzəm Qaxa gedir, rayonda görülən işlərlə, problemlərlə bağlı paylaşımlar edir. Müxtəlif məsələlərlə bağlı sosial video-çarxlar çəkib yayıram, sakinlərin xeyir-şər mərasimlərində yaxından iştirak edirəm. Bakıda və dünyanın başqa ölkələrində yaşayan qaxlılarla ünsiyyət qururam. Ən əsası isə odur ki, rayon sakinləri xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyətimi yaxından izləyir. Dövlətimizin milli maraqları, əsir və girovlarımızla, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tribunalarda etdiyim çıxışları qiymətləndirirlər. Hesab edirəm, Qax rayonunda Əhməd Şahidovun xüsusi təqdimata ehtiyacı yoxdur. Bu da mənə əlavə güc, üstünlük verir. Rəqiblərimə nəzərən məni daha şanslı namizəd kimi meydana çıxarır.

– Yəni Qaxda seçki təbliğatı aparmayacaqsınız?

– Təbii ki, təbliğat aparacam. Yanvarın 17-dən fevralın 8-nə kimi 23 günlük təbliğat-təşviqat kampaniyasını dəyərləndirməyə çalışacam. Seçicilərin ayağına gedərək, hətta qapı-qapı gəzərək vətəndaşlarla şəxsən ünsiyyətdə olacam. Amma hava şəraitini və qış mövsümünü nəzərə alaraq daha innovativ və müasir təbliğat-təşviqat metodlarına üstünlük verəcəm.

– Parlamentin gəncləşməsi, qocalardan “təmizlənməsi” ətrafında geniş polemikalar aparılır. Bəziləri iddia edirlər ki, yaşlı deputatlar namizəd olmamalıdır. Gənc kimi bu məsələyə münasibətiniz necədir?

– Hamımız qəbul edirik ki, müasir dövrlə uyğunlaşmaq, dünyanın çağırışlarına ayaq uydurma lazımdır. Son islahatlar da məhz bu fonda həyata keçirilir. Bu mənada gənc kadrların yüksək postlara təyin olunması zəruridir. Lakin birmənalı fikir söyləmək doğru deyil. Müstəqil dövlətimizin qurulmasında və inkişafında mühüm rol oynamış təcrübəli şəxslərin sırf yaşından dolayı qəfil çıxdaş edilməsi, kənara atılması yanlışdır. Parlamentdə bütün sosial təbəqələrin təmsil olunmaq hüququ var. Ağsaqqal dediyimiz kifayət qədər yaşlı adam var ki, onların dövlət təcrübəsi biz gənclərdən qat-qat çoxdur. O cür yaşlıların nüfuzundan və dünyagörüşündən yararlanmaq lazımdır. Ancaq mən də qəbul edirəm ki, üstünlük gənclərə verilməlidir. Gənc dedikdə, 18 yaşlı vətəndaşları nəzərdə tutmuram. Parlamentə iddialı olan gənclər yeni təfəkkürə malik, dinamik, çalışqan olmalı və bir neçə xarici dil bilməlidir. Milli Məclisin çevik bir quruma çevrilməsi üçün bu şərtdir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …