Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi təklifin rəsmi Bakı üçün qəbuledilən olmadığını bildirib.
Boyukmillet.com-un xəbərinə görə, o, dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb:
“Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan XİN başçısının açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər”, – nazir bildirib.