Azərbaycandan Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb.
Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, dekabrın 19-da Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.