Prezident İlham Əliyev “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Azərbaycanda şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən “Şəhərsalma Nəzarəti” altsistemi yaradılmalıdır.
Nazirlər Kabineti tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılığının, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi və rəqəmsal texnologiyaların yaratdığı imkanlar nəzərə alınmaqla, təkmilləşdirilməsi ilə bağlı təkliflərini 6 ay müddətində dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Şəhərsalma Nəzarəti” altsisteminin formalaşdırılmasını 2026-cı il yanvarın 1-nə qədər təmin etməli, aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin altsistemə çıxışını təmin etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həmin altsistemin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin və “Şəhərsalma Nəzarəti” altsisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Əsasnamənin “Elektron Tikinti Portalı” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları 2024-cü il yanvarın 1-dən, “Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.