Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə işgüzar səfər edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, A.Xudiyev vilayətin qubernatoru Yuliya Svetliçnaya ilə görüşüb. Ukraynanın ilk paytaxtının sosial iqtisadi-inkişaf strategiyası haqqında səfirə məlumat verən xanım Y.Svetliçnaya Azərbaycanla Xarkov vilayətinin ağır və yüngül sənaye müəssisələri arasındakı qarşılıqlı əlaqələrindən bəhs edib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Xarkov şəhərinin ali təhsil ocaqlarında 3 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirən qubernator Xarkov vilayətinin Azərbaycanla iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin inkişafına xüsusi maraq göstərdiklərini vurğulayıb.
Səmimi qəbula görə vilayət rəhbərliyinə minnətdarlığını bildirən A.Xudiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələrdən bəhs edib. Azərbaycanda və Xarkov vilayətində fəaliyyət göstərən fabrik, zavod və sənaye müəssisələri, o cümlədən, aqrar və turizm sektorları arasında səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycan səfirliyinin regional əməkdaşlığın inkişafına, müştərək işbirliyinin qurulmasına və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Diplomat səfəri çərçivəsində Ukrayna Dövlət Dəmiryolu Universitetində Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.Tələbələri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edən diplomat onlara təhsillərində uğurlar arzulayıb.
Sonra Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunda Azərbaycan-Ukrayna münasibətlərində iqtisadi-ticarət münasibətlərinini inkişaf strategiyası mövzusunda “dəyirmi masa” – konfrans keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri A.Xudiyev Xarkov vilayəti Dövlət administrasiyası aparatının rəhbəri Anatoli Babiçev, Sumı vilayətinin qubernatoru Mikola Kloçko, Ukrayna parlamentinin deputatı Oleq Medunitsa, Ukrayna Dövlət Dəmiryolu Universitetinin rektoru Sergey Pançenko, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digərləri iştirak ediblər.
Konfransda çıxış edənlər Azərbaycanla Ukrayna arasında mövcud olan iqtisadi, ticari, elmi, texniki əlaqələrin gələcək perespektivlərini müzkirə ediblər. Son 2-3 ildə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukraynanın bir sıra regionları arasında qurulmuş əməkdaşlığın səmərəli nəticələrindən söz açıblar. Bu istiqamətdə Azərbaycanla Xarkov vilayətinin bir sıra sənaye müəssisələri arasında əməkdaşlığa dair müqavilələrin imzalanması təqdirəlayiq hal kimi dəyərləndirilib.