Qərbi Azərbaycan icması dekabrın 29-da keçirilmiş növbədənkənar ümumi yığıncaqda fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib.
Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideya və arzularının gerçəkləşdiyi bugünkü Azərbaycan öz dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır: “Ulu Öndər irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və dayaq yeri olan Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti yüz illərdən sonra bizə güclü dövlətin qalib vətəndaşı olmaq hissini yaşatmışdır. Bu gün dünyaya günəş kimi parlayan Azərbaycan cənab İlham Əliyevin ən kamil əsəridir”.
Bəyanat müəllifləri vurğulayıblar ki, tarixi nailiyyəti qazanmaqla Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəsini vermiş, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atmışdır.
“Vətən müharibəsi Zəfəri təkcə məcburi köçkünlərimizin vətənlərinə qayıtmasını təmin etməmiş, həmçinin Qərbi Azərbaycan qaçqınlarında da doğma vətənlərinə sülh yolu ilə geri qayıtmaq inamı yaratmışdır”.
Qeyd olunub ki, 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüş zamanı söylədiyi fikirlər, verdiyi tapşırıq və tövsiyələr Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma vətəninə qayıtması hüququnun təmin edilməsi yolunda Azərbaycan xalqının ümummilli mübarizəsində dönüş nöqtəsi olmuşdur: “Prezident İlham Əliyevin insan hüquqları məsələsi və sülhsevər missiya hesab etdiyi Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməsi təkcə biz Qərbi azərbaycanlıları deyil, bütövlükdə Azərbaycan ictimaiyyətini bu amal uğrunda səfərbər etmişdir.
Əminik ki, minlərlə məcburi köçkünü Qarabağa, Şərqi Zəngəzura geri qaytaran Müzəffər Ali baş Komandan bizləri sülh yolu ilə ana vətənimiz Qərbi Azərbaycana qovuşduracaqdır.
Bu mənada Qərbi Azərbaycan İcmasında birləşən yüz minlərlə icma üzvü olaraq 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik”.