Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Perinatal Mərkəzdən təxliyə olunan 8 yenidoğulan evə buraxılıb

Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə  TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, yanğın nəticəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir: “Hər birinin vəziyyəti, müalicə və müayinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabeli tibb müəssisələrinin aparıcı mütəxəssislərinin nəzarətindədir. Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumilikdə 8-i bu gün tam sağlam şəkildə evə yazılıb”.

“Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir. Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz (KTM), KTM-in nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir. Uşaqlardan 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb”, – məlumatda bildirilib.

Qeyd edək ki, TƏBİB-in aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə Respublika Perinatal Mərkəzinin müalicə həkimləri və mütəxəssisləri də təxliyə olunanların müalicə aldığı tibb müəssisələrinin həkimləri ilə birgə çalışırlar.

Xatırladaq ki, yanvarın 9-u Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …