Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov kollektivi hər iki bayram münasibətilə təbrik edib. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günüdür. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə, doğma torpağa bağlılıq, Azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil edir. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabr ayının 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ulu öndərimiz bu qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması,böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Qərara əsasən, 1991-ci ilin son günü -31 dekabrda Həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya Azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında sıx birləşməsində mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin ulu öndərin adı ilə bağlı olduğunu dəfələrlə qeyd etmişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.

Bəxtiyar Əsgərov qeyd etdi ki; “Ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar mənbəyi, isti ocaq yeri, mənəvi dayaq və güc mənbəyi olmuşdur. Müdrik rəhbər Heydər Əliyevin “Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsi haqqında” 23 may 2001-ci il tarixli müvafiq Sərəncamına uyğun olaraq, həmin ilin 9-10 noyabrında Bakıda təşkil olunan qurultay soydaşlarımız arasında əsl həmrəyliyə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, diaspor quruculuğunun təkmilləşdirilməsi işinə böyük töhfə olmuşdur. İştirakçısı olduğumuz bu tarixi qurultay milli həmrəyliyimizin dünyada nümayiş etdirilməsinin ən parlaq təzahürü idi. Ulu öndərimiz qurultaydakı nitqində dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkmiş, bunun üçün əsas, zəruri olan prioritet məsələləri önə çəkmiş, hər kəsin diqqətinə çatdırmışdır: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq məfkurəsi aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik.”

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda çox mühüm və olduqca ciddi bir addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də, dünya azərbaycanlılarının həyatında tarixi, ictimai-siyasi hadisə kimi yadda qalmışdır. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başlamışlar.

Bəxtiyar Əsgərov bu bayramın yaranmasının məhz Naxçıvanla birbaşa bağlılığından, ulu öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçirilməsindən, möhtərəm cənab Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimizin hər il daha da möhkəmlənməsindən danışmışdır: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma vətənə-müstəqil Azərbaycana bağlılıqlarının artırılmasına səbəb olmuşdur. Bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin ilhamlı və xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaratmışdır. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki,müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər. Ölkə rəhbəri cənab İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər, müraciətlər ümummilli liderimizin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir.”

Əsası böyük Heydər Əliyev tərəfindən məhz Naxçıvan Muxtar Respublikasında qoyulmuş bu xalq bayramının hər il ulu diyarda təntənə ilə qeyd olunmasından, silsilə tədbirlərdən bəhs edən Bəxtiyar Əsgərov demişdir ki;“Ali Məclisin Sədri hörmətli cənab Vasif Talıbov Naxçıvanda ümummilli lider Heydər Əliyevin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini yaratmışdır. Bu gün Naxçıvanda həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilmiş, bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürülmüşdür. Muxtar respublikanın şəhər və rayonlarında real canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, minlərlə yeni iş yerləri açılmışdır. Şübhəsiz ki, həyata keçirilən bu tədbirlərin insan faktoruna yönəldilməsi nəticəsində muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş vermişdir. Özünün hərtərəfli inkişaf dövrünü yaşayan Naxçıvanın beş minillik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi almış, rahat yaşayış məskəninə çevrilmişdir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə Azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər etməkdədirlər.”

Tədbir digər çıxışlar və bayram şənliyi ilə davam etdirilib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …