Səlimov Talıb Abutalıb oğlu Qarabağ müharibəsi qazisidir. Sabirabadın Qaragüney kəndindəndir. Kəndlərinə gedən yolun üstündə qurulmuş polis postundakılarla arasında gərginlik yaranıb.
Qazimizin anası dünyasını dəyişib. Talıbgilin həyətini,ətrafı səhmana salmaq üçün evlərinə bir neçə maşın çınqıl, qırma daş göndərilib. Bir maşının yükü boşaldılıb, qalan iki KAMAZ yük maşını isə Namiq adlı polis nəfərinin başçılıq etdiyi postdan buraxılmayıb. Deyiblər, bu materiallar yas məclisi üçündür. Hava yağmurlu keçir, hər tərəf palçıq, kənd içində yollar kələ-kötür. Yasa gəlib-gedənlərin əziyyət çəkməməsi üçün dost-tanış kömək edib çınqıl göndərir. Namiq deyilən polis işçisi isə dinini,imanını unudub yük maşınlarını kəndə buraxmır. Hələ üstəlik Qaragüney kəndinə gedib yas düşən qapı-bacanı çəkdirir. Kömək etməkdənsə, mane olur. Yaxşı, gedib gördün ki, məsələ nədir, rəhmətə gedən var, daha sonrakı bu hərəkət nəyə lazım idi? Bu adam qanunsuz ev tikmir, inşaat materialı satmır. Anasını son mənzilə yola salır. Heç olmasa belə həssas günlərdə hörmətsizlik etməyin. Qazilərə hörmət etmək hər kəsin borcudur. O cümlədən postda duran Namiqin də.
Yəqin bu yazılanları Sabirabad İcra Hakimiyyəti, Sabirabad Rayon Polis Şöbəsi, Daxili İşlər Nazirliyində oxuyub bir cavab verərlər.
Yerli icra hakimiyyətində, yerli polis şöbəsində bu hadisəni bilmirdilərsə, indi bu məqalədən bilib agah olsunlar. Qazinin səsinə səs versinlər. 2-3 maşın çınqıl nədir ki, onu söz-söhbətə çevirmisiniz. Heç olmasa rəhmətə gedənin ruhundan utanın. Adam bilmir dərdini çəksin, yoxsa polislə uğraşsın.
Sima Babayeva