Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb.
“Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır”.
Boyukmillet.com xəbər verir ki, bunu martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.
“Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, açığını desəm, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin dağılmasına gətirib çıxarır”, – Lavrov deyib.
Rusiyanın xarici işlər naziri əlavə edib ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub.
O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib. (Musavat.com)