Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ali Radanın komitə sədri: Ukrayna bir neçə gün ərzində yeni silah və döyüş sursatları alacaq

ABŞ Konqresinin qərarı Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Bu qərarla Ukrayna ordusunda mərmi çatışmazlığının aradan qalxacağına ümidliyik.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Müdafiə və dövlət təhlükəsizliyi komitəsinin sədri Fedor Venislavski bildirib.

O deyib ki, ölkəsi bir neçə gün ərzində yeni silahlar, döyüş sursatları, o cümlədən raketlər alacaq. Komitə sədrinin fikrincə, bu, Rusiya ordusunun hücumlarının qarşısını almağa kömək edəcək: “Çünki Rusiya bütün Ukraynanı tutmaq və onu bir dövlət kimi məhv etmək planlarından əl çəkməyib. Bizim üçün ABŞ-ın və Avropa İttifaqının köməyi vacibdir. Onlar ordumuzu silahlandırmaq məqsədi daşıyır”.

F.Venislavski sözlərinə görə, Ukraynanın əks-hücumum əməliyyatları Rusiyanın gözləmədiyi vaxt olacaq: “Vaxtı açıqlamaq lazım deyil. İlk növbədə Rusiyanın hücumunu cilovlamaq lazımdır”.

Xatırladaq ki, ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün müsadirəsi ilə bağlı qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard ABŞ dolları təşkil edir. Buraya Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı daxil olmaqla münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.

Aprelin 24-də isə bu qanun layihələri ABŞ Senatında prosessual səsvermədən keçib. Senatda yekun təsdiqdən sonra qanun layihələri imzalanmaq üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …