O,dünyanın daş qapısı-
bu dünyanın əl işidi !
Gələnlərin ağ donunu
gedənlər kəfən daşıdı !
Nə olumdu,nə itimdi
hər şey bitdi,yol bitmədi !
Yolçular yola getmədi,
hamı olmağın yaşadı !
Allah qovdu öz göyündən,
yuva saldım söz köyündə !
Bu yaxasız köynəyimdə
bir qızın əlin daşıdım !
İş köhnədi,söz boyatdı
torpaq alta bata-batdı !
Ömrün vaxtı saatladı,
sözün vaxtı dil işidi !
İçimin alıb hisini,
tozun yatırdım hirsimin!
Ömrümün çox hissəsinin,
bircə varağın yaşadım !
***
Şəhər nəfəs almır,çıxıb getmisən
Yolları üşüyür ayaqlarına !
Vaxt günün içində intihar edir,
Gecə işıq vermir oyaq qalana !
Sönən ulduzların işıqlarından,
Təsəlli yığıram ömrün belinə !
Səninçün əkdiyim tər-çiçəklərin,
Şəkər bağlamışam tikan dilinə !
İçib sağlığına qəm şərabından,
Xatirə yeyirəm şam yeməyində !
Gəlib ürəyimə bir köz salmadın,
Yollar saflığına qar geyinəndə !
Daha,ətək vermir boş ələ kimsə,
Ya ətək kəsilir bir əl çatmasın !
Səni də yaradan elə yaradıb,
Səni sevəninin bağrı çatlasın ?!
Bu şəhər,bu səhər,bu axşamların
Ayıla bilmirəm sənsiz yoluna !
Varsa,ayrılığdan göz yaşı göndər,
Səpim tənhalığın susuz yoluna !
***
İş-gücüm yaman çoxalıb,
gündə min günah yuyuram !
Səndə bir günah gəzirəm,
məndə min günah yuyuram !
Göydən düşüb yer əyildim,
bir ev tikib yer əyirdim!
El-el buzlaşıb əridim,
gendə min günah yuyuram !
Tanrım ! Yenə yerdəki-mən ,
öz yolumdu,bir də ki,mən !
Sən verdiyin dindəki-mən,
dində min günah yuyuram !
***
Dur, dünya qəmini gətir,
Sevgimə büküm,gedəsən !
Ya olmağın dinin gətir,
Görəsən təkəm, gedəsən !
Dünyadı da hamı gəlir,
Əvəllə son qəmi gəlir !
Birin sonra cəmi gəlir,
Yelkənin çəkəm,gedəsən !
Gədiyə var,Ərzurumun
Başında qar-Ərzurumun !
Yaxasız köynək arzumu
Boyuna tikəm,gedəsən !
Kim çalır Yanıq Kərəmi ?!
Sazın,sözün yox kərəmi !
Mən,çəkəm bu olun qəmin,
Sən,bu paydan kəm gedəsən !
Aralıqda çox dağ durur,
Ayrılıq,vardan sağ durur !
Yaramı sarı,sağ olu
Verim,son tikəm gedəsən !