Yaxın gələcəkdə regionlarda da “Belarus” mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə edilib.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Belarusun kənd təsərrüfatı nazirinin müavini İqor Petroşenko 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgisinin açılış mərasiminə deyib.
Onun sözlərinə görə, Bakıda “Belarus” brendi ilə 6 mağaza fəaliyyət göstərir: “Bu mağazalarda satılan ət və süd məhsulları yerli əhali tərəfindən məmnuniyyətlə alınır”. Nazir müavini yeni mağazaların açılışında iştirak etmək üçün bir daha Bakıya gələcəyini deyib.
O həmçinin bildirib ki, Azərbaycan Belarusa keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac edir: “Bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır. Belarus Azərbaycana isə daha çox ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir”:
Nazir müavini qeyd edib ki, Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var: “Sərgidə Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkət iştirak edir. Bunlar bitkiçilik, heyvandarlıq, baytarlıq, kənd təsərrüfatı texnikaları istehsal edən şirkətlərdi. Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70 %-i Belarus istehsalıdır”.