Macarıstan hazırda milli enerji və iqlimə dair planını yenidən nəzərdən keçirir və bu il iyunun 30-na qədər yeni versiyanı təqdim edəcək.
Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasında Macarıstan nümayəndə heyətinin rəhbəri Veronika Baqi ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
“Yeni plana 1990-cı ilə nisbətən 2030-cu ilə qədər istixana qazları emissiyalarının azı 50 faiz azaldılması və ümumi yekun enerji istehlakında bərpa olunan enerji mənbələrinin payının azı 29 faiz olması daxildir”, – o vurğulayıb.
Onun sözlərinə görə, bunu həmçinin külək elektrik stansiyalarının gücünün 2030-cu ilə qədər təxminən 330 MVt-dan 1000 MVt-a və daha çox artırılması da əhatə edir.
V.Baqi qeyd edib ki, Macarıstan “yaşıl enerji” dəhlizi təşəbbüsünü dəstəkləyir.