Şənbə , 16 Noyabr 2024
Drone Cameras

“AbzasMedia”nın həbsdə olan jurnalistlərinin zorakılığa məruz qaldığı bildirilir

Jurnalistlər Ombudsmanın və vəkillərin təcili olaraq Bakı İstintaq Təcridxanasına getmələrini tələb ediblər

“AbzasMedia”nın Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistləri Sevinc Vaqifqızı (Abbasova), Nərgiz Absalamova və Elnarə Qasımovanın təzyiqə və zorakılığa məruz qaldığı bildirilir.

Bu barədə jurnalistlərin yaxınları məlumat veriblər.

Bildirilib ki, əvvəlcə noyabrın 14-də Nərgiz Absalamovanı təcridxana nəzarətçilərindən biri təhqir edib. Sevinc Vaqifqızı və Elnarə Qasımova buna etiraz etdikləri zaman mübahisə yaranıb.

Nərgiz Absalamova. Foto: Meydan TV

“Bundan sonra axşam növbəsində qapılar bağlananda başqa bir nəzarətçi qadın Nərgizi təhqir edib və qolundan xəsarət yetirib”, – jurnalistin yaxını bildirib.

Elnarə Qasımova ailəsilə əlaqə saxlayaraq bildirib ki, Nərgizi təhqir edən Şəhla adlı nəzarətçi yaxın vaxtlara qədər təcridxananın baş nəzarətçilərindən biri olan Nəzakət Məmmədovanın qızıdır. O, özü işdən çıxdıqdan sonra qızını bu işə düzəldib.

Elnarə Qasımova. Foto: Meydan TV
Elnarə Qasımova. Foto: Meydan TV

Elnarə Qasımova təcridxanada baş verənlərlə bağlı məlumat verən anda telefon əlaqəsi kəsilib. Baş verənlərdən sonra da onlara təzyiqlər dayandırılmayıb.

Jurnalistlərin yaxınları deyir ki, noyabrın 15-də təcridxana rəhbərliyinin təlimatlandırdığı bir qrup məhbus qadın Nərgizi və digərlərini bullinqə məruz qoyub:

“Sevinc Vaqifqızı ilə Elnarə Qasımova isə buna etiraz ediblər və qarşılığında onlar da nəzarətçilərin təzyiqinə məruz qalıblar”.

Sevinc Vaqifqızı. Foto: Meydan TV

Jurnalistlər Ombudsmanın və vəkillərin təcili olaraq Bakı İstintaq Təcridxanasına getmələrini tələb ediblər. Nərgiz Absalamovanın müdafiəçiləri bildirib ki, Ombudsman Aparatı baş verənlərlə bağlı məlumatlandırılıb.

Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib, təcridxana rəhbərliyi görüşə icazə verməyib. Bunu kamerada sayım getməsilə əlaqələndiriblər.

Bundan əvvəl “AbzasMedia”nın direktoru Ülvi Həsənli də təcridxanada ölümlə hədələnib və zorakılığa məruz qalıb. Belindən xəsarət alan jurnalistin şikayətlərini isə yerli məhkəmələr rədd edib.

Ülvi Həsənli. Foto: Meydan TV

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “Abzas Media”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıqittihamı irəli sürülüb.

2024-cü il mayın 31-də isə “AzadlıqRadiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20- yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Check Also

Abxaz müxalifəti əhalini günorta saatlarında parlamentə gəlməyə çağırıb

Etirazçıların əsas tələbi “prezident” Aslan Bjaniyanın istefasıdır Noyabrın 15-i səhər saatlarında Abxaziyada minlərlə insanın etiraz …