Seçkilərin yekun iclası yarımçıq qalıb
Oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinə yekun vurmağı planlaşdıran Mərkəzi Seçki Komissiyasının iclası səs-küylə başlayıb. Komissiyanın Vahid Milli Hərəkat Partiyasından olan üzvü Davit Kirtadze Mərkəzi Seçki Komissiyasının sədrinin üzərinə qara maye töküb, bundan sonra sessiya qısa müddətə dayandırılıb.
“Təəssüflər olsun ki, bizim Avropaya doğru aparmalı olduğumuz Mərkəzi Seçki Komissiyası sizin rəhbərliyiniz altında həmin çağırışa cavab verə bilmədi və bu gün sizin rəhbərliyinizlə, bilavasitə iştirakınızla, ədalətsiz qərarlarınızla ölkə bu istiqamətdə irəliləyir”, – Davit Kirtadze MSK sədri Giorgi Kalandarişviliyə müraciət edib və onu “ən pis sədr” adlandırıb.
Kalandarişvili Kirtadzeyə çıxışını bitirməyə imkan verməyib. Şifahi mübahisədən sonra Kirtadze Kalandarişvilinin üzərinə qara maye töküb. Kirtadze mühafizəçilər tərəfindən zaldan çıxarılıb. Mərkəzi Seçki Komissiyasından canlı yayım kəsilib.
Hadisədən bir neçə dəqiqə sonra sessiya davam etdirilib. Bir gözünü sarğı ilə bağlayan MSK sədri deyib ki, opponentlər sataşmaqla heç nəyə nail olmayacaq və seçkilərin manipulyasiya edildiyini göstərən heç bir faktiki hal yoxdur.
MSK-nın iclası ilə eyni vaxtda etiraz aksiyası keçirilir. Mitinqə müxalifətin bir hissəsi, vətəndaş təşkilatları və tələbələr toplaşdıqlarını elan ediblər.
26 oktyabr seçkilərinin nəticələrini yalnız hakim partiya tanıyır. MSK-nın ilkin nəticələrinə görə, 11-ci çağırış Milli Məclisdə “Gürcü Arzusu” 150 mandatdan 89-nu qazanıb, dörd müxalifət platformasının isə ümumilikdə 61 mandatı var. Müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edir.
Seçki administrasiyası və məhkəmə qeyri-hökumət sektoru tərəfindən yazılmış şikayətlərin əksəriyyətini təmin etməyib.
Beynəlxalq ictimaiyyət saxtakarlıqla bağlı “ciddi şübhələri” yoxlamaq üçün Tbilisini mübahisəli seçkilərin nəticələri ilə bağlı obyektiv araşdırma aparmağa çağırır.
MSK seçkilərin yekun protokolunu təsdiq edib, iclas başa çatıb.
“Xülasə protokolu hazırlanıb. Bu faktiki olaraq seçki müddətini başa vurur”, – MSK sədri Giorgi Kalandarişvili protokolu imzaladıqdan sonra bildirib. Protokolu MSK-nın katibi Giorgi Cavaxişvili də imzalayıb.
Daxili İşlər Nazirliyi MSK sədrinin üzərinə qara maye tökülməsi ilə bağlı araşdırmalara başlayıb
Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayət işi MSK-nın ərizəsi əsasında başlanıb.
“Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma 118-ci maddəsi ilə araşdırmalara başlayıb”.