Xalqın əvəzinə prezidenti 300 nəfərdən ibarət seçici kollegiyası seçəcək
Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək.
Parlament noyabrın 26-da keçirilən plenar iclasda qərar layihəsinə səs verib. Layihəni Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili təqdim edib.
Həmin qərarla dekabrın 29-u prezidentin andiçmə mərasimi günü kimi müəyyən edilib.
“Gürcüstan Konstitusiyasına görə, parlament seçkiləri prezident seçkiləri ilə üst-üstə düşəndə, bu halda prezident seçkiləri maksimum 45 gün ərzində keçirilməlidir. Bundan başqa, prezidentin 5 illik müddətə seçilə bilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il keçirilməsi vacibdir. Əks halda konstitusiyanın 5 illik müddətlə bağlı müddəası yerinə yetirilməyəcək və bizdə faktiki olaraq 6 il müddətinə seçilən prezident olacaq”, – Şalva Papuaşvili Parlament Bürosunun iclasında bildirib.
Bu il Gürcüstan əhalisi ilk dəfə olaraq Gürcüstan prezidentini birbaşa – seçkilərdə səs verməklə seçməyəcək. Xalqın əvəzinə prezidenti 300 nəfərdən ibarət seçici kollegiyası seçəcək. Gürcüstan parlamentinin bütün üzvləri (150 deputat), Abxaziya Ali Şurasının bütün üzvləri (20 deputat), Ali Məclisin bütün üzvləri, Acarıstan Soveti (21 deputat) və bələdiyyə şuralarından 109 nəfər prosesdə iştirak edəcək.
Gürcüstanın gələcək prezidenti 5 il müddətinə seçiləcək.
Seçkilər kollegiyasının ən azı 30 üzvü prezidentliyə namizəd irəli sürmək hüququna malikdir.
Prezidenti seçmək üçün 200 səs lazımdır. Amma namizədlərdən heç biri 200 səs toplaya bilməsə, ən yaxşı nəticə göstərən iki namizədin iştirak edəcəyi ikinci tur keçiriləcək. Ən çox səs toplayan qalib gələcək.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi 2018-ci il dekabrın 16-da Telavidə keçirilib. O, prezident seçkilərində “Gürcü Arzusu” Partiyası tərəfindən dəstəklənsə də, rəsmən müstəqil namizəd kimi irəli sürülüb.