Cümə , 27 Dekabr 2024
Drone Cameras

Səfirlər İnsan Hüquqları Günündə həbsdə olan jurnalistlərlə fəallardan danışdı

Azərbaycan hökumətinə çağırış edildi

Dekabrın 4-də İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko (Michalko) ölkədəki problemlərdən danışıb.
Builki BMT-nin İnsan Hüquqları kampaniyasının “Hüquqlarımız, gələcəyimiz, elə indi” mövzusu xüsusi əhəmiyyət kəsb edir, çünki həlli üçün artıq vaxtın olmadığı fövqəladə hallarla üzləşirik”, – deyən səfir Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsinə diqqət çəkib.

Deyib ki, Aİ və ona üzv dövlətlər qlobal istiləşməni 1,5°C-dən aşağı səviyyədə saxlamaq öhdəliyini bir daha təsdiq ediblər.

“Hakimiyyəti həbsdə olan bütün şəxsləri azad etməyə bir daha çağırırıq”

Əminəm ki, bu məkanda olan bir çoxunun COP29-un iqlimlə bağlı uğurlu danışıqlarla yanaşı, insan hüquqları sahəsində də müəyyən müsbət nəticələr verəcəyinə dair gözləntiləri var idi. Lakin İqlim Konfransı başa çatdıqdan və projektorlar söndükdən sonra, həbsdə olan azərbaycanlı jurnalistlərin, hüquq müdafiəçiləri və vətəndaş fəallarının azadlığa buraxılması üçün aparılmış bütün beynəlxalq kampaniyalara baxmayaraq, onların hələ də həbsdə olduğunu görürük”,-Mixalko deyib.

“Biz, Azərbaycan hakimiyyətini fundamental hüquqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə bir daha çağırırıq”.

Səfir təəssüflənib ki, ötən ildə olduğu kimi bu gün də bəzi tərəfdaş və dost hesab etdiyi adamlar onlara qoşula bilməyib:

Peter Mixalko. Foto: Meydan TV

“Ölkəsində insan hüquqlarının təbliğinə öz həyatını həsr etmiş bəzi insanlarla birgə insan hüquqları gününü qeyd edə bilmirik. Ölkədə şahidi olduğumuz vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş kəskin tədbirlərin görülməsi nəticəsində burada ötən ildən etibarən iştirak etməyən şəxslərin sayı artıb”.

“2024-cü ildə siyasi motivlərlə həbs edilən şəxslərin uzun siyahısına qoşulan Anar Məmmədli, İmran Əliyev və Bəhruz Səmədovun adlarını çəkməklə simvolik olaraq onların bu məkanda olduqlarını hiss etdirmək istərdim”, – deyən Peter Mixalko bir ildən artıq istintaq təcridxanasında olan “Abzas Media”nın gənc jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımovanın, İlhamiz Quliyevin, “Kanal 13”-ün əməkdaşları Əziz Orucov və Şamo Eminovin, həmçinin “Toplum TV”-nin videoredaktoru Müşfiq Cabbarovun adlarını çəkib:

“Rüfət Səfərov da dünən həbs edilərək bu siyahıya qoşulub. İnsan Hüquqları Gününə həsr olunmuş ziyafət ərəfəsində Rüfətin həbs olunması iki il əvvəl Bəxtiyar Hacıyevin eyni şəraitdə baş tutmuş həbsini xatırladır. Bu insanların hər birinə təşəkkür edirik və onlara heyran olduğumuzu bildiririk”.

Səfir deyib ki, Aİ onların işlərini yaxından izləməyə və Azərbaycan hakimiyyəti ilə dialoqda bu məsələləri qaldırmağa davam edəcək.

“Medianın susdurulması sülh və əmin-amanlıq üçün can atan istənilən cəmiyyətin inkişafına kölgə salır”

İsveçrə səfiri Tomas Ştəlin deyib ki, bu ilin oktyabrında ölkəsi dördüncü dəfə İnsan Haqları Şurasına seçilib və 2025-ci ilin yanvarından 2027-ci ilin sonuna qədər fəaliyyət göstərəcək. Səfir vurğulayıb ki, bu müddətdə İsveçrə institutların gücləndirilməsi, BMT sistemində insan haqlarının təbliğatı üçün səy göstərəcək və onların milli səviyyədə icrasına çalışacaq:

“Bizim əsas prioritetlərimiz ölüm hökmünün ümumbəşəri ləğvi, işgəncənin qadağan olunmasının təmin edilməsi, azlıqların və qadınların hüquqlarının qorunması və ifadə azadlığının təşviq edilməsidir”.

Tomas Ştəlin. : Meydan TV

Tomas Ştəlin təəssüflənib ki, son toplantıdan sonra söz və media azadlığı sahəsində vəziyyətin daha da pisləşməsinin şahidi olublar:

“Bu gün aylardır ki, həbsdə olan “Abzas Media”dan Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, “Kanal13”-dən Əziz Orucov, “Toplum TV”dən Ələsgər Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiya Araşdırmalar Mərkəzindən Anar Məmmədli və vətəndaş cəmiyyətinin başqa nümayəndələri üçün səsimizi ucaldırıq. Medianın susdurulması sülh və əmin-amanlıq üçün can atan istənilən cəmiyyətin inkişafına kölgə salır”.

Fergus Auld: “Mən təəssüflənirəm ki…”

Daha sonra çıxış edən Böyük Britanıyanın Azərbaycandakı səfiri Fergus Auld deyib ki, ölkə üçün 2024-cü il COP29 tədbiri ilə yadda qalan il olub:

“Bu danışıqlar və onların ətrafında aparılan müzakirələr bizim dayanıqlı gələcək üçün istiqamətimizi müəyyən edir. Onların uğuru təkcə hökumətlərin deyil, vətəndaş cəmiyyəti qruplarının, bizneslərin, alimlərin və jurnalistlərin dərin təcrübə və innovasiyalar təqdim etməsi və hesabatlılıq və çağırışda əsas rol oynaması ilə bağlıdır. Onların fikir müxtəlifliyi bir gücdür”.

“Böyük Britaniya hökuməti hesab edir ki, eyni prinsip Azərbaycanda inklüziv və davamlı inkişafın təşviqində də keçərlidir, ona görə də heç kim geridə qalmamalıdır”, – səfir vurğulayıb və qeyd edib ki, 2024-cü ildə Britaniya səfirliyi sivil və siyasi hüquqları müdafiə etməyə davam edib, hökumətlə insan hüquqları məsələlərini əhatə edən dialoqu davam etdirib:

Fergus Auld. Foto: Turan.az

“Mən heyfslənirəm ki, Azərbaycandakı hüquq müdafiəçiləri üçün bu qruplaşmada sonuncu görüşümüzdən keçən bir il ərzində vəziyyət yaxşılaşmayıb və müəyyən mənada daha da pisləşib”.

“Mən çox təəssüf edirəm ki, keçən il bu tədbirdə bizə qoşulan bəzi tərəfdaşlar, məsələn, Ələsgər Məmmədli hazırda həbsdədir və bəzi hüquq müdafiəçilərinin istintaqı və ya məhkəmə prosesləri qeyri-müəyyən müddətə uzanır. Hörmətli həmkarlarımın qeyd etdiklərinə əlavə olaraq hazırda həbsdə olan digər şəxslərin də adlarını çəkmək istərdim: Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı, Nazim Bəydəmirli və İqbal Əbilov”, – səfir çıxışında deyib.

O bildirib ki, apreldə iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına, sonra isə polis nəzarətinə verilməsi xəbərini müsbət hal kimi alqışlasalar da, onun müvafiq tibbi xidmət və lazımi məhkəmə prosesindən istifadə imkanını hakimiyyət orqanları ilə müzakirə etməyə davam edirlər:

Eyni zamanda, biz Azərbaycanda LGBT+ icmasını hədəf alan narahetedici ritorika və hərəkətləri müşahidə etdik. Böyük Britaniya zorakılıq və ayrı-seçkiliklə mübarizə aparmaq və insan hüquqlarının universallığını təşviq etmək üçün sosial hüquqlar üzrə əsas qrupları dəstəkləməyə sadiqdir. 2024-cü il üçün Gender əsaslı zorakılığa qarşı 16 Günlük fəaliyyətimiz də, hazırda davam edir”.

Foto: Meydan TV

Səfir inklüzivlik və hörmətlə bağlı yerli səyləri alqışlayaraq, dekabrın 3-də Beynəlxalq Əlillər Gününü qeyd etdiklərini xatırladıb.

Biz qürurla minalara qarşı humanitar fəaliyyətə maliyyə və texniki dəstək veririk, həmçinin münaqişədən zərər çəkmiş icmalara dəstək verməyə davam edirik. Biz çox uzun müddət köçkün olmuş insanların təhlükəsiz şəkildə evlərinə qayıtmasına kömək etmək üçün bu mühüm məsələlərdə yerli tərəfdaşlarla işləməyə davam edəcəyik”, – səfir deyib.

“Azərbaycan hökumətini öz beynəlxalq insan hüquqları öhdəliklərinə riayət etməyə çağırıram”

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libby də 1948-ci ildə BMT-də qəbul olunmuş İnsan Hüquqları Gününün əhəmiyyətindən danışıb. Bəyannamənin birinci maddəsini xatırladıb:

Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar”.

Sadədir, amma dərindir. O, bəyan edir ki, bütün insanlar cins, irq və ya milliyyətindən asılı olmayaraq bərabər və azad doğulurlar. Bundan əlavə, o, təsbit edir ki, insanların təbii hüquqları var. Rəhbər və ya hökumətin verdiyi hüquqlar yox, doğuşdan hər kəsin malik olduğu ayrılmaz hüquqlar. Lakin Ümumi Bəyannamə passiv deyil. O ifadə edir ki, bu hüquqları təmin etmək üçün bizim hökumətlərimiz də daxil olmaqla bizim hamımız məsuliyyət daşıyırıq”, – səfir deyib.

Mark Libby. Foto: Meydan TV

Mark Libby deyib ki, dünya 1948-ci ildən bəri çox böyük irəliləyiş edib:

Biz ötən 76 il ərzində insan hüquqlarının müdafiəsi və genişləndirilməsi, fərqlərə dözümlülük, demokratik idarəetmə formalarının yayılması, təhsilin daha əlçatan olması və qanunun aliliyinin qəbul olunmasına doğru vacib və böyük addımlar atmışıq.
Əlbəttə, irəliləyiş bəzən məyusedici şəkildə yavaş olmuş və bəzi geriləmələr olmuşdur. Bu, o demək deyil ki, biz vaz keçməliyik”.

Bu, o demək deyil ki, biz sadəcə gözləyə və ümid edə bilərik ki, işlər daha yaxşı olacaq. İnsan hüquqlarının müdafiəsi cəsarət tələb edir. Və o, hərəkət tələb edir. Bu axşam bura toplaşmış cəsur və sadiq adamlar bunu çox yaxşı anlayır”, – səfir vurğulayıb.

Burada ola bilməyən, lakin sizin insan hüquqlarına sadiqliyinizi bölüşən digər insanlar var. Fərid Mehrəlizadə, Sevinc Vaqifqızı, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, Afiəddin Məmmədov, Akif Qurbanov, Ruslan İzzətli öz gözəl vətənində insan hüquqlarının müdafiəsinə bu qədər fədakarlıq edən cəsur azərbaycanlı vətənsevərlərdən sadəcə bəziləridir”.

Son cümlələrini azərbaycanca tamamlayıb:

“Mən Azərbaycan hökumətini bu şəxsləri və ədalətsiz tutulmuş bütün digər şəxsləri azad etməklə öz beynəlxalq insan hüquqları öhdəliklərinə riayət etməyə çağırıram”.

Check Also

AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək

AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların …