Cümə , 27 Dekabr 2024
Drone Cameras

Ermənistan suriyalı erməniləri təxliyə etmək üçün imkanlarının olmadığını deyir

Hələbin ermənilərin nəzarətində olan əraziləri ələ keçirilib

Ermənistan hazırda 10 minə yaxın ermənini müharibə şəraitində olan Suriyadan təxliyə etmək üçün heç bir yol olmadığını bildirib.

“OC Media”nın yazdığına görə, Ermənistanın Dəməşqdəki səfirliyinin bəyanatında deyilir ki, XİN vəziyyəti diqqətlə izləyir və təxliyə mümkün olarsa, bütün variantlara baxılacaq.

Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyan “Armenpress”ə bildirib ki, ötən həftə baş verən qəfil hücum nəticəsində Hələbin ermənilərin nəzarətində olan əraziləri ələ keçirilib. Burada 10 minə qədər Suriya ermənisinin yaşadığı bildirilir.

Sinanyan deyib ki, onun ofisi Suriyadakı erməni icması ilə zəif də olsa əlaqə saxlaya bilir.
Ermənistan səfirliyi onu da qeyd edib ki, ölkənin Hələbdəki baş konsulu Ara Avetisyan Dəməşqdə öz işini görür və Hələbə qayıda bilməyəcəyini bildirib. Səfirlik Avetisyanın şəhərə hücumdan bir gün əvvəl Dəməşqə getdiyini deyib.

“CivilNet”in baş redaktoru Karen Arutyunyan yazıb ki, Avetisyanın Hələbdə olmaması “ciddi suallar doğurur” və Xarici İşlər Nazirliyi və səfirliyin verdiyi bəhanələr “anlaşılmaz və qəbuledilməzdir”.

“Ancaq indi Yerevanın Hələb ermənilərinin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürməsinin və lazım gələrsə, onların Ermənistana təxliyəsini asanlaşdırmasının vaxtıdır”, – deyə Harutyunyan yazıb və əlavə edib ki, Hələb erməniləri “yenidən öz icma strukturlarına və liderlərinə arxalanmalıdırlar”.

Ötən şənbə Ermənistan Müdafiə Nazirliyi Suriyada əməliyyat vəziyyətinin “əhəmiyyətli dərəcədə pisləşdiyini” əsas gətirərək Hələbdəki humanitar missiyanı “müvəqqəti olaraq” dayandırıb.

Hələbdəki erməni missiyası 2019-cu ilin fevralında yerləşdirilib və 83 minatəmizləyici, tibb işçisi və təhlükəsizlik işçisi olub. Nazirlik Hələbin erməni icmasını missiyanın hərəkətverici qüvvələrindən biri kimi göstərib.

Ermənistan hökumətinin məlumatına görə, 2011-ci ildə Suriya müharibəsi başlayana qədər bu ölkədə 100 minə qədər erməni yaşayıb, onlardan 60 mini Hələbdə olub. 2019-cu ilə qədər Ermənistan Suriyadan olan 22 min etnik erməniyə sığınacaq verib.

Diasporla İş üzrə Ali Komissarlığının məlumatına görə, Suriyada müharibə başlayandan bəri ermənilərin bir sıra ictimai binaları, fabrikləri, dükanları, mədəniyyət mərkəzləri, məktəbləri, qəbiristanlıqları, kilsələri və abidələri qismən və ya tamamilə sökülüb, talan edilib, dağıdılıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Check Also

Türkiyədə fabrikdə partlayış: 12 ölü, 3 yaralı

Vali təxribat ehtimalının olmadığını deyir Türkiyənin Balıkəsir bölgəsində sursat istehsal edən fabrikdə partlayış olduğu, 12 …