Cümə , 27 Dekabr 2024
Drone Cameras

Ermənistan Blinkenin görüş təklifinə “hə”, Azərbaycan isə “yox” dedi

Hökumətyönlü media yazır ki, Bakı ABŞ-nin sülh gündəliyində iştirakını istəmir

Ermənistan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ararat Mirzoyanla Ceyhun Bayramovun Maltada görüşünə razılıq verib.

Bu barədə dekabrın 5-də Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, dekabrın 4-də Ermənistan ATƏT Nazirlər Şurası çərçivəsində xarici işlər nazirlərinin görüşünün planlaşdırılmadığını açıqlamışdı.

Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi belə bir görüşdə iştirak etməyəcəyini bildirib.

APA ötən gün diplomatik mənbələrə istinadən yazıb ki, Bakı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Malta görüşündən imtina edib:

“ABŞ hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirak etmir. Bu təşəbbüslə Blinken ABŞ-ni sülh prosesinə yenidən inteqrasiya etmək niyyətində idi. Lakin Azərbaycan tərəfi Blinkenin görüş təklifindən qəti şəkildə imtina edib. Səbəb isə “ümumiyyətlə Bayden administrasiyasının Azərbaycana qarşı ədalətsiz, qərəzli siyasət yürütməsidir. Buna görə Azərbaycan ABŞ-nin, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”.

Sonuncu dəfə sentyabrın 26-da ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdü.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Check Also

Cozef Bayden 2025-ci maliyyə ili üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden ölkənin 2025-ci maliyyə ili (oktyabrın 1-də başlayıb) üçün 895 milyard dollar …