Cümə axşamı , 30 Yanvar 2025
Drone Cameras

Kütləvi məlumat sızması nəticəsində milyonlarla gürcünün məlumatları ifşa olunub

Faylların sızdırılmasında kimlərin məsul olduğu, hələ ki, məlum deyil

Kibertəhlükəsizlik sahəsində müstəqil media orqanı olan “Cybernews” məlumat verib ki, irimiqyaslı məlumat sızması milyonlarla Gürcüstan vətəndaşının gizli şəxsi məlumatlarını müvəqqəti olaraq ifşa edib.

Oc Media yazır ki, cümə axşamı “Cybernews” bildirib ki, sonradan “müəmmalı şəkildə yoxa çıxan” məlumat Almaniyanın bulud xidməti provayderinə məxsus serverdə “Elasticsearch” məlumat analitika platformasında saxlanılıb.

Milyonlarla faylda şəxsiyyət vəsiqəsi nömrələri, tam adlar, gender və doğum tarixləri kimi məlumatlar var idi. 

Sızdırılan məlumatlarda çox güman ki, sığorta və telefon nömrələri də daxil olmaqla “sahibi haqqında təsviri məlumatı” əhatə etdiyi bildirilir.

“Cybernews”un verdiyi məlumata görə, iki sızan indeks olub. 

Birində təxminən 5 milyon şəxsi məlumat qeydi, digərində isə 7 milyondan çox telefon datası və əlaqəli şəxsi məlumatlar yer alıb.

Hələlik faylların sızdırılmasında kimlərin məsul olduğu məlum deyil.

Gürcüstanın Milli Statistika İdarəsi, ölkənin rəsmi əhalisinin 3.7 milyon olduğunu açıqlayıb. Amma sızan məlumatlarda artıq həyatda olmayan şəxslərə dair də dublikat qeydlər və saxlanılan məlumatlarının olması mümkündür.

Kibertəhlükəsizlik tədqiqatçısı və “SecurityDiscovery.com”un sahibi Bob Diaçenko, “Cybernews”a açıqlamasında, serverin sızma aşkarlandıqdan qısa müddət sonra qapadıldığını (oflayn edildiyini) və ictimaiyyətə girişin bağlandığını söyləsə də, milyonlarla insan üçün hələ də potensial təhlükələrin mövcud olduğunu qeyd edib.

O həmçinin məlumatların “bir neçə mənbədən toplanmış və ya birləşdirilmiş kimi göründüyünü, potensial olaraq hökumət və ya kommersiya məlumat bazası və nömrə identifikasiyası xidmətlərini əhatə edə biləcəyini” qeyd edib.

“Məlumatın sahibliyi barədə aydınlıq olmadığı halda, zərərçəkmiş şəxslər üçün hüquqi addım atmaq, məlumatların qorunması qanunlarını tətbiq etmək və ya cavabdehlik tələb etmək çətinləşir”, – deyə Diaçenko “Cybernews”a bildirib.

“Təhlükə yaradan tərəflər şəxsi məlumatları həm siyasi, həm də cinayətkar fəaliyyətlər üçün silaha çevirmək imkanına malikdir. Dövlət tərəfindən maliyyələşdirilən xakerlər bu sızmanı siyasi manipulyasiya, dezinformasiya kampaniyaları və ya məqsədli təqib üçün istifadə edə bilərlər. Eyni zamanda, qazanc əldə etməyə çalışan hakerlər bu məlumatları müxtəlif zərərli fəaliyyətlər üçün istifadə edə bilərlər”, – o qeyd edib. 

Diaçenko sızan məlumatların “zərərli tərəflərin əlinə keçmiş ola biləcəyini” və saxtakarlıq və ya təsir kampaniyaları üçün istifadə oluna biləcəyini düşünür: 

“Gеopolitik gərginliyin yüksək olduğu bir bölgədə, şəxsi məlumatlardan sui-istifadə icma daxilində etimadın daha da itməsinə, dezinformasiya üçün imkanlar yaradılmasına və həssas fərdlərə zərər vurulmasına səbəb ola bilər”.

“Cybernews”un verdiyi məlumata əsasən, sızma 4 oktyabrda aşkar edilib və 7 oktyabrda giriş məhdudlaşdırılıb.

“Cybernews” iddia edir ki, bəzi məlumatlar 2020-ci ildə sızmış Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarını da əhatə edə bilər.

2020-ci ilin mart ayında “Bitdefender” məlumat verib ki, Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarını ehtiva edən məlumat bazası qaranlıq internet forumunda ələ keçirilməyə hazırdır. 

Məlumat bazası tam adlar, fiziki ünvanlar, doğum tarixləri, şəxsiyyət vəsiqələri və mobil telefon nömrələri daxil olmaqla 4,9 milyon qeyddən ibarət idi.

Gürcüstanın Şəxsi Məlumatların Mühafizəsi Xidməti “OC Media”ya bildirib ki, onlara bu barədə heç bir məlumat daxil olmayıb.

““Cybernews”un məqaləsində təsvir edilən hallara əsasən, işin daha çox kiberhücum olması, Fərdi Məlumatların Mühafizəsi Xidmətinin səlahiyyətləri xaricindədir və daha çox istintaq orqanları tərəfindən araşdırılır”, – deyə xidmət bildirib.

Daxili İşlər Nazirliyi şərh sorğusuna dərhal cavab verməyib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Check Also

İrəvanda hökumət binası qarşısında yenidən etiraz aksiyası keçirilir

İrəvanda pərakəndə ticarətlə məşğul olan şəxslər yenidən hökumət binası qarşısında toplaşıblar. Boyukmillet.com. xəbər verir ki, …