“Azərbaycan demokratik inkişaf yolunda mühüm nailiyyətlər qazanıb. Hələ 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı məhz azərbaycanlılar qurublar. Bu baxımdan qardaş Azərbaycan xalqı demokratik dəyərləri həmişə yüksək qiymətləndirib. Qarşıdan gələn parlament seçkiləri də demokratik inkişaf yolunda mühüm addım olacaq”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan inkişafın növbəti mərhələsinə qədəm qoyub, ölkədə ciddi islahatlar aparılır.
Bilal Dündar deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar insanların həyat səviyyəsinin yüksəldilməsinə, idarəetmədə şəffaflığın təmin olunmasına, ölkənin davamlı inkişafına xidmət edir. Bu, Azərbaycanın gələcəyi üçün olduqca zəruridir. Əminəm ki, formalaşacaq yeni parlamentdə təmsil olunan deputatlar da bu işə öz töhfələrini verəcəklər”.
Azərbaycanda seçki prosesini izlədiyini deyən TADEF sədri ölkəmizdə maraqlı və rəqabətyönümlü seçki mühitinin mövcud olduğunu söyləyib. O, parlament seçkilərinin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə edəcəyinə əminliyini vurğulayıb.