Cümə , 31 Yanvar 2025
Drone Cameras

Rusiyanın “Rus Evi” mədəniyyət mərkəzi “Baku TV”-ni məhkəmə ilə hədələyir

Mərkəzin rəhbəri Yevgeni Primakov bununla bağlı yazıb

Rusiyanın “Rus Evi” mədəniyyət mərkəzi Azərbaycanın hakimiyyətyönlü telekanalı “Baku TV”-ni bu mərkəzlə bağlı yayımlanan reportaja görə məhkəməyə verəcək.

Mərkəzin rəhbəri Yevgeni Primakov bununla bağlı “Telegram” kanalında yazıb.

“Hansısa qızın Azərbaycanın “Baku TV” leyblı ilə mənfur reportajı – stəndapı ilə tanış oldum. Reportaj bizim Azərbaycandakı Mədəniyyət Mərkəzinin girişində, “Rus Evi” lövhəsinin qarşısında çəkilib. Reportajda qız utanmadan  yalandan deyir ki, bura casuslar və separatçılar yuvasıdır. Mənə məlum olduğu qədərilə, “Baku TV” Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Bazar ertəsi biz işgüzar nüfuzun qorunması barədə məhkəmə iddiası hazırlayacağıq. Mən Azərbaycan hökumətinin maliyyələşdirdiyi kütləvi informasiya vasitəsindən bu böhtan və yalana dair təkzibedilməz sübutları eşitmək istəyirəm. Yaxud da təkzib və üzrxahlıq etsinlər”, – Yevgeni Primakov yazıb.

O, xatırladıb ki, Azərbaycandakı Rusiya Mədəniyyət Mərkəzi iki ölkə arasında hökumətlərarası saziş əsasında fəaliyyət göstərir və müstəsna olaraq, təhsil, mədəniyyət və elmlə məşğuldur.

“İndi, qoy, “Baku TV” sübut etsin ki, bu, casus fəaliyyətidir və ya hansısa bir şəkildə qanunsuzdur”, – Primakov deyib.

Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi (“Rossotrudniçestvo”) Rusiyanın aparıcı agentliyidir.

Agentliyin saytında deyilir ki, əsas missiyası Rusiyanın dünyada humanitar təsirini gücləndirmək olan təşkilat dünyanın 71 ölkəsində 87 xarici nümayəndəlik ilə təmsil olunub.

Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi  2021-ci ildən “Rus Evi” qeyri-rəsmi adını alıb.

Yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” peyk telekanalında Bakıda yerləşən “Rus Evi” mədəniyyət mərkəzi ilə bağlı reportaj verilib.

“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar səsləndirilib.

Reportajdan bir neçə gün sonra, yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüş zamanı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevə Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccüb ifadə edib.

Bir gün sonra isə,  yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və Azərbaycanı hədəf alan yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Check Also

İrəvanda hökumət binası qarşısında yenidən etiraz aksiyası keçirilir

İrəvanda pərakəndə ticarətlə məşğul olan şəxslər yenidən hökumət binası qarşısında toplaşıblar. Boyukmillet.com. xəbər verir ki, …