Çərşənbə axşamı , 24 Dekabr 2024
Drone Cameras

Görkəmli xeyriyyəçi-mesenatın obrazı rənglərin işığında

Haqqında söz açacağımız portretin varlığı çoxlarına bəllidir. Lakin indinin özündə də onun orijinalını görənlər o qədər də çox deyildir. Yarandığı gündən üzü bəri cəmisi 8 il divardan asılıb, sonra isə illərlə işıq üzünə həsrət qalıb. Uzun illərin baxımsızlığından hətta məhv olmaq dərəcəsinə çatıb. Bərpaçı-rəssam sözün əsl mənasında ona ikinci həyat verib. Buna baxmayaraq, müxtəlif səbəblər üzündən yenə də gözdən uzaq olub və bu vəziyyət respublikanın müstəqillik əldə etməsinə qədər davam edib. Yalnız müstəqillik dövründə tamaşaçılar bu əsəri əvvəlki məkanında – Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında görə biliblər…

İri ölçülü (238×129 sm) bu portretdə təsvir olunan şəxs Azərbaycanın dövlətli messanatlarından biri olan Hacı Zeynalabdin Tağıyevdir (müəllifi görkəmli rus- sovet rəssamı İsaak İzrailoviç Brodski (1883-1939), əsərin xilaskarı isə respublikamızın tanınmış bərpaçı-rəssamı, mərhum Fərhad Hacıyevdir).

Zamanında, yəni müstəqillik qazanmağımızdan bir qədər öncə portretin yaranması haqqında əldə etdiyimiz ilkin məlumatlarımızı sonralar rəssamın özünün yazdığı “Mənim yaradıcılıq yolum” kitabı (sənətşünas İ.A.Brodskinin görkəmli sənətkar haqqında monoqrafiyası), eləcə də H.Z.Tağıyevin qızı Sara xanımın söhbətləri zənginləşdirmişdi. Məlum olmuşdu ki, rəssam inqilabdan əvvəlki illərdə təsadüfi hallarda fərdi sifarişlər qəbul etsə də, Bakı milyonçusu Tağıyevin müraciətindən boyun qaçırmayıb. Sifarişləri yerinə yetirmək üçün tezliklə Peterburqdan Bakıya gəlib.

İ.İ.Brodski qeyd edir ki, Hacı o vaxtlar qocalmışdı, səksənə yaxın yaşı vardı. Elə ilk naturadan çəkiliş zamanı məlum oldu ki, çətinliklə uzun müddət bir yerdə otura bilir, bir neçə dəqiqədən sonra mürgüləyirdi. Bu məni məcbur etdi ki, yemək vaxtı ona diqqətlə göz qoyum, sonra isə yaddaşıma əsaslanıb işləyim. Ümumiyyətlə, Tağıyev hesab edirdi ki, üz cizgilərini, xüsusilə qırışları bütün incəliyinə kimi təsvir etməyə aludəçilik vacib deyil. Əsas diqqəti onun təntənəli geyiminə, xidmətlərinə görə aldığı müxtəlif ordenlərin dəqiq təsvirinə yönəltmək gərəkdir. Elə çəkmək lazımdır ki, ordenlərin hansı dərəcədən olduğu açıq görünsün. Bütün bunları eşidəndən sonra mən onun zövqünə tabe olmağa məcbur oldum.

Rəssamın yazdıqları göstərir ki, portreti başlamazdan əvvəl o, Hacını təsəvvür etdiyi, özünün düşündüyü pozada əks etdirməyi qarşısına məqsəd qoyubmuş. Lakin çoxdan sifarişlə iş görmədiyindən bu tələblər ona bir qədər qəribə gəlib. Bütün bunlara baxmayaraq, o, işə başlayır.

Hacının başı müxtəlif işlərə bərk qarışdığından bir neçə seans baş tutmur. Həm bunu, həm də Hacının çətinliklə oturduğunu görən rəssam işi tez tamamlamaq üçün asan çıxış yolu tapır. Şəhərdəki dərzilərin birindən maniken alan rəssam Hacının lentli və ordenli paltarını ona geyindirir. Bu, işin gedişini xeyli sürətləndirir. Az bir vaxtda o, geyimi çəkib qurtarır. Qalır portretin üz hissəsini işləmək. Brodski kimi sənətkara bundan sonra portreti tamamlamaq çətinlik törətmir və bu “operativlik” ona baha başa gəlir. Portret hazır olanda Tağıyev rəssamın tələb etdiyi iki min manatı verməyi ləngidir. Hacının Brodskiyə dediyi: “Bir həftə işə görə iki min manat? Mən cavan olanda gündə altı qəpik qazanardım, heç olmasa iki həftə də işlə, sonra baxarıq!” – sözləri bəlkə də bu gün qəribə səslənir. Çünki Hacının əliaçıqlığından, millətin xeyrinə gördüyü işlərdən çoxları xəbərdardı. Odur ki, onun dedikləri, bizcə, heç vaxt xəsislik əlaməti olaraq qəbul edilməməlidir. Sadəcə olaraq, bənna işlədiyi vaxt hər cür çətinliklə üzləşən, bir parça çörək pulu qazanmağın nə qədər ağır olduğunu görən Hacının əməkhaqqının ödənilməsinə öz münasibəti vardı. Təbiidir ki, işin çox hissəsini manikenin köməyi ilə görən rəssamın az bir müddətə onun üz hissəsini işləməsi və bununla portreti tamamlaması sayəsində tələb olunan məbləği Hacı ilk anlar yüksək hesab etmişdir. Sonra isə rəssamın zəhmət haqqını ödəmişdir. Amma bununla da rəssamın Bakı səfəri bitmiş və o, qalan portretləri işləməmişdir. Sözsüz ki, bu mübahisədə həm rəssamı, həm də Hacını başa düşmək lazımdır. Onların hər biri öz-özlüyündə bəlkə də haqlıdırlar…

Bir neçə kəlmə də əsər haqqında söz açmaq istərdik. Əsərdə H.Z.Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir. H.Z.Tağıyevin qırmızı pərdənin fonunda, iri planda təsviri rəssamın obrazı qabarıq göstərmək istəyindən irəli gəlmişdir. Orijinal biçimli mizin üzərindəki kitab kompozisiyaya daxil edilmiş bəlkə də ən uğurlu və məntiqli təsvir elementlərindəndir. Bu, H.Z.Tağıyevin mütərəqqi fikirli və maarifpərvər olmasına işarə kimi qavranılır.

Bu gün qiymətli bədii fakta çevrilən əsər bizim üçün hər şeydən əvvəl xalqımızın mədəni həyatında mühüm rol oynamış şəxsiyyətin naturadan çəkilmiş obrazını özündə yaşatdığına görə qiymətlidir. Beləliklə, 1912-ci ilin baharında H.Z.Tağıyevin mülki mühəndis İ.V.Qoslavski tərəfindən 1893-1902-ci illərdə Qorçakov küçəsində (indiki H.Z.Tağıyev) ucaldılmış malikanəsini bəzəyən gözəl rəngkarlıq və heykəltəraşlıq əsərlərinin sırasına bir iş də əlavə olundu. İş otağını bəzəyən İ.Ayvazovskinin “Tufana düşmüş gəmi” (Azərbaycan Milli İncəsənət Muzeyi), Şərq salonundan asılmış “Bosfor” (əsərin sonrakı taleyi məlum deyil), rus rəssamı İ.Zankovskinin “Dağ silsiləsi” (İncəsənət muzeyindədir) əsərləri, Napoleonun və din xadiminin fransız heykəltəraşı tərəfindən işlənmiş portretləri (ikinci iş də İncəsənət muzeyində saxlanılır, digər əsərin isə yeri hələ ki, məlum deyildir)), Polşa rəssamı Yan Stıkanın məşhur “Neronun sirki” (bu tablo da İncəsənət muzeyindədir) və s. əsərlər onun marağını əks etdirən sənət nümunələridir. Bu işlərin çoxunu o, sifarişlə işlətmişdir. Ümumiyyətlə, bu sahədəki işi, biz deyərdik ki, uzaqgörənliyi H.Z.Tağıyevi Bakı milyonerləri arasında xüsusilə fərqləndirir, birincilər sırasına çıxarır.

Nədənsə Hacı özünün rəssam tərəfindən işlənmiş portretini nə iş otağında (burada onun iri fotoportreti asılıbmış), nə də digər salonlarda asdırmışdır. Portretin tamamlandığı vaxtdan Azərbaycanın işğalına qədərki 8 il ərzində özünün ən qiymətli əşyalarının toplandığı seyf-otaqda saxlayıb. Hətta 1920-ci ildə Mərdəkandakı bağına köçərkən də özü ilə aparmayıb. Dörd il sonra isə H.Z.Tağıyev vəfat edib… Az sonra portret də unudulub. Bütün bu hadisədən sonra, onun bədii və tarixi əhəmiyyətini duymayanlar portreti çərçivədən çıxarmışlar. Bükülü qalan kətanın 1958-ci ildə çəkilmiş fotosu göstərir ki, onu mühafizə edənlər çox etinasız olmuşlar. Bunu nəticəsində əsər məhv olmaq dərəcəsinə çatmışdır. Çərçivədən çıxarılaraq uzun müddət bükülü qalan kətan deformasiyaya uğramış, neçə yerdən qat kəsmişdi, bir çox hissədəki rəng qatı tökülmüşdü. O vaxt yalnız Azərbaycanın ilk bərpaçı rəssamı mərhum Fərhad Hacıyevin işə qarışması və təmənnasız əsəri bərpa etməsi, onu əvvəlki görkəminə-həyata qaytarmağa imkan vermişdir…

Müstəqillik dövründə Azərbaycanın rəssam və heykəltəraşları dəfələrlə H.Z.Tağıyevin obrazına müraciət edib yeni-yeni əsərlər yaratsalar da, İ.A.Brodskinin 103 il əvvəl çəkdiyi portret bu gün də öz əhəmiyyətini qorumaqdadır. Belə ki, bu əsər xalqına təmənnasız xidmətlərinə görə “millət atası” ayaması qazanmış Hacı Zeynalabdin Tağıyevin naturadan işlənmiş ilk və son portretidir…

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir