Çərşənbə axşamı , 11 Fevral 2025
Drone Cameras

Azərbaycan rusiyalı deputatın ölkəyə girişinə qadağa qoyub

XİN-ni mətbuat katibi Ayxan Hacızadə Nikolay Valuyevi Azərbaycan dövləti və xalqının əleyhinə iəhqiramiz ifadələr işlətməkdə günahlandırıb

Azərbaycan rusiyalı deputat, keçmiş boksçu Nikolay Valuyevin ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

““Vahid Rusiya” (“Yedinaya Rossiya”) partiyasının deputatı Nikolay Valuyev Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər işlədib ki, bu da tamamilə qəbuledilməzdir. Buna görə də onun adı Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısına salınıb”, – XİN sözçüsü bildirib.

Ayxan Hacızadə əlavə edib ki, bu, ilk belə hal deyil:

“Bundan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədr müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib”.

“Azərbaycana qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” partiyasının üzvləridir. Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq”, – XİN sözçüsü bildirib.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin laynerinin dekabrın 25-də qəzaya uğramasından bir neçə gün sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib. O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.

Ardınca 2025-ci il yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” peyk telekanalında Bakıdakı “Rus Evi” ilə bağlı reportaj verilib. “Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar səsləndirilib.

Reportajdan bir neçə gün sonra, yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüş zamanı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevə Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccübünü ifadə edib.

Bir gün sonra isə, yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və Azərbaycanı hədəf alan yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Yanvarın 29-da “Rus Evi”nin rəhbəri Yevgeni Primakov “Telegram” kanalında “Baku TV”-ni məhkəmə ilə hədələyib.

Fevralın 7-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatı yoxdur və təşkilat Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozub. Bununla bağlı da Rusiya tərəfinə artıq nota verilib.

Deputat Nikolay Valuyev Rusiya ilə Azərbaycan arasında sərnişin təyyarəsinin qəzasından sonra yaranan gərginliyi, həmçinin “Rus Evi”nin Bakıda fəaliyyətinin dayandırlmasını şərh edərkən deyib ki, Moskvanın bu cür hücumlara cavabı oxşar olmalıdır.

Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi təkliflər səsləndirib.

Deputat azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan Rusiyaya gələnləri rusca jarqon ifadə ilə çağırıb.

Check Also

Jurnalistlərin Müdafiə Komitəsi Şahnaz Bəylərqızının həbsini pisləyib

CJP-nin illik həbs siyahısına görə, Azərbaycan 2024-cü ildə dünyada jurnalistləri ən çox həbs edən 10 …