Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

Anar Məmmədli hökumətyönlü mediada haqqında gedən iddialara cavab verib

O, həmin iddiaları cəfəngiyyat və təxəyyülün məhsulu adlandırıb

Həbsdə olan insan haqları fəalı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli hökumətyönlü mediada haqqında gedən yazıya cavab verib.

Bu barədə Anar Məmmədlinin vəkili Fariz Namazlı məlumat verib.

Martın 12-də vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüb.

Görüş zamanı Anar Məmmədli fevralın 18-də report.az saytında yayımlanan “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlıqlı məqalədə onun barəsində yer alan iddialarla bağlı mövqeyini ifadə edib. O, məqalədəki məlumatları cəfəngiyyat və təxəyyülün məhsulu adlandıraraq, yazıda irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildirib.

Anar Məmmədli qeyd edib ki, 2013-cü ildən bəri USAID-lə heç bir əməkdaşlığı olmayıb və bu mövzuda yayılan iddialar həqiqətə uyğun deyil. O, 2016-2023-cü illərdə müxtəlif regional layihələrdə məsləhətçi, təlimçi və analitik kimi fəaliyyət göstərdiyini vurğulayaraq, öz peşəkar fəaliyyəti çərçivəsində yalnız insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafına töhfə verdiyini bildirib.

Məmmədli hesab edir ki, bu kimi məqalələr istintaqın planlı şəkildə dövriyyəyə buraxdığı, reallıqla əlaqəsi olmayan ittihamların bir hissəsidir və məqsəd ictimai rəyə təsir edərək onun fəaliyyətini qeyri-qanuni göstərməkdir. O, bu cür kampaniyaların hüquq müdafiəçilərinin işinə kölgə salmaq məqsədi daşıdığını və əsas insan hüquq və azadlıqlarına zidd olduğunu bildirib.

Hüquq müdafiəçisi bildirib ki, o, 2013-cü ildən bəri USAID-lə heç bir əməkdaşlıq etməyib. O, 2016-2023-cü illərdə müxtəlif regional layihələrdə məsləhətçi, təlimçi və analitik kimi fəaliyyət göstərdiyini deyib və “öz peşəkar fəaliyyəti çərçivəsində yalnız insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafına töhfə verdiyini” bildirib.

Məmmədli bu kimi məqalələrin istintaq tərəfindən planlı şəkildə dövriyyəyə buraxıldığını düşündüyünü deyib. O vurğulayıb ki, burda məqsəd ictimai rəyə təsir edərək onun hüquq müdafiəçisi kimi fəaliyyətini qeyri-qanuni göstərmək və hüquq müdafiəçilərinin işinə kölgə salmaqdır.

Fevralın 18-i “Report” informasiya agentliyi Anar Məmmədlinin 2024-cü ildə NED, NDİ, USAİD kimi təşkilatlardan aldığı qrant vəsaitlərinin qarşılığında 7 fevral bələdiyyə seçkiləri dövründə təxribatlar törətmək öhdəliyi götürdüyünü iddia edib. ““Seçki pozuntuları” üzrə qondarma səhnələr yaratmaq, bu səhnələr üzərində videoçəkilişlər aparıb yaymaq, beləliklə, seçkinin demokratik keçirildiyini şübhəyə salmaq üçün planlar qurub. Bu məqsədlə 500 nəfərdən ibarət “seçki müşahidəçisi”nin təşkilatlandırılması və təlimatlandırılması qərara alınıb. Planın icrası üçün qeyd edilən donorlar tərəfindən SMDTM-yə yüksək məbləğdə qrantlar ayrılıb”, – deyə məqalədə yazılıb.

Anar Məmmədli 2024-cü il aprelin 29-da Bakıda saxlanılıb. 

Onun və atasının evində axtarış aparılıb. 

Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. 

O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.

Anar Məmmədli seçki hüquqları ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəridir. O, Azərbaycanda seçkilərə dair tənqidi hesabatların müəllifidir.

Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub. 

O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.

Son bir il ərzində ölkədə çoxlu sayda jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. 

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədli də daxil olmaqla Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər.

Check Also

10 gün əvvəl 10 il həbs istənilən eks məmura şərti cəza təklif edildi

Söhbət “Formula-1” yarışlarının təşkilində 398 min manatlıq yeyintidə təqsirləndirilən Çingiz Mehdiyevdən gedir “Formula-1” yarışlarının təşkilində …