Bazar , 22 Dekabr 2024
Drone Cameras

“Kim bizim aramızda münasibətləri pozmaq istəsə də, onlarda heç nə alınmaz”

Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının sədri, “Dərbənd” qəzetinin əməkdaşı Telman Tahirli ilə müsahibəni təqdim edirik:
 
Telman müəllim, Dağıstanın cənubunda, xüsusilə də, Dərbənd şəhərində ictimai-siyasi vəziyyət necədir?
 
Dağıstan  biznesmenlər üçün potensial olan  respublikadır. Burada biznes qurmaq və yaşamaq üçün hər şərait yaradılıb. Buna baxmayaraq  respublikaya  hələ də investisiyalar qoyulmur. Baxmayaraq ki, respublikanın başçısı Ramazan Abdulatipov  Azərbaycan Respublikası ilə sıx əlaqə saxlayır, bir neçə dəfə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb, amma iqtisadi əlaqələr zəifdir. Dağıstanda azərbaycanlıların çoxu cənubda məskunlaşır. Demək olar ki, Dərbənd şəhəri  Dağıstan azərbaycanlıların mərkəzidir.  1990-cı illərdən bəri  azərbaycanlıların  vəziyyəti daha da pisləşir, deqradasiya gedir. Bunun səbəbi işsizlik, pulsuzluq, gənclərin  ali  təhsilli  olmaması    və sair arqumentlərdir.  Gənclərin çoxu dinə üz tuturlar. Dağıstan çox millətli respublika sayıldığı üçün, burada azərbaycanlılarla münasibətlər  yüksək səviyyədədir. Hər millət qardaşlıq və mehribançılıqla yaşayır.
 
Rəhbərlik etdiyiniz Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı hansı çətinliklərlə üzləşir? Əsas problemləriniz nədir?
 
Bir ildən çoxdur ki, biz Dərbənd şəhərində  yerli milli- mədəni-muxtariyyatı təşkilatını yaratmışıq.  Rusiya Federasiyasının Ədliyyə nazirliyində təsdiqlənmiş təşkilatdır.  Təşkilatımızın   maliyyə vəziyyəti   çətin olsa da, biz  gücümüz çatan tədbirləri keçiririk.  Məsələn, tarixdə  birinci dəfədir ki, respublika üzrə  bizim təşkilatımız  Mahaçqala şəhərində  Novruz Bayramı keçirmişdir. Azərbaycan  şiriniyyatları, isti  plov  meydanda  bişirilərək  camaata paylanılıb.  Digər  millətlərin nümayəndələri xalqımızın yemekləri ilə yaxından  tanış olmuşlar.  İl içərisində  olan bütün  tədbirləri- Ümumilli liderimiz Heydər Əliyevin  doğum gününü, Xocalı soyqırımını, Dünya Azərbaycanlılarının Həmrəylik gününü   və sair tədbirlər keçiririk. Bundan başqa,  Dağıstanda yaşayan azərbaycanlılar bizə müraciət edəndə onlara hər cür köməklik göstəririk. Bizim işimizə mane olanlar da var. Necə deyərlər, gözü götürməyənlər çoxdur. Buna baxmayaraq,  biz işimizə davam edirik. Məncə millət üçün çalışan insan heç kimdən  çox sağ ol gözləməsin gərək.
 
Dağıstan  azərbaycanlılarının    çoxu qarışıq  millətlərin nümayəndələri ilə  ailə qurublar. Bunların içərisində ləzgi milləti  əsas yer tutur. Bizim ləzgi qardaşlarımızla  münasibətlərimiz  çox yaxşıdır. Hər millətdə   bu münasibətləri pozan insanlar da var.  Hamı bilir ki, bu kimin siyasətidir  və onlar nə istəyir.  Bizim arxamızda güclü prezidentlərimiz Vladimir Putin və İlham Əliyev var. Kim bizim aramızda münasibətləri pozmaq istəsə də, onlarda  heç nə alınmaz. Bizim məqsədimiz qardaşlıq və sülh yaratmaqdır.
 
Dərbənd Azərbaycandan nə gözləyir?
 
 Dərbənd Azərbaycandan nə gözləyə bilər? Biz istərdik ki, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan teatrı haqqında sərəncamı yerinə yetirilsin.  Dərbənd camaatı səbirsizliklə gözləyir ki,  nə zaman teatrın binası tikilib istifadəyə veriləcək. Heydər Əliyev küçəsinin  bərpa- quruculuq  işləri  davam etsin. Bərbad vəziyyətdə olan  Nizami   parkımız  yenidən qurulsun, idman kompleksi  tikilsin.
 
Siz həm də peşəkar jurnalistsiniz, Azərbaycan mətbuatını da izləyirsiniz. Sizcə, Azərbaycan mətbuatı Dağıstanda, xüsusilə də, Dərbənddə yaşayan azərbaycanlılara lazımi diqqət yetirirmi?
 
Azərbaycan Respublikasının mətbuatı bu gün çox genişdir. Dərbənd camaatının çoxu qardaş respublikadan olan xəbərləri televizorlardan izləyir. Azərbaycan dilində oxuya bilənlər   internet vasitəsilə də xəbərləri oxuyurlar. Dağıstan üzrə  Azərbaycan hökumətinin mətbuat korpusu yaradılsaydı  daha yaxşı olardı. Dağıstanda Azərbaycan konsulluğun açılışı nəzərdə tutulub, amma bu günə qədər  bu iş yerindən tərpənmir.
 
Son vaxtlar Samur meşələrinin qırılması və Samur çayında su bəndi tikilməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Sizcə, bu sırf ekoloji yoxsa siyasi problemdir?
 
 Məncə, Samurda keçirilən aksiyalar  hansısa  məmurun işidir. Dağıstan hökumətinə qarşı olan öz çirkin siyasətini aparan  məmurun hərəkətidir.  Samur  çayından   Dərbənd şəhərinə su  boruları  çəkilsə  meşələrə heç bir ziyan olmaz. Bu bir siyasətdir.
 
(moderator.az)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir