Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahının yekun toplantısı keçirilib.
Toplantıda seçki qərargahının rəhbərliyi, könüllülər, seçki günü müşahidəçi olacaq şəxslər və digər fəallar iştirak edib. Toplantıda çıxış edən Azay Quliyev ölkəmizdə azad, demokratik və şəffaf seçki mühitinin mövcud olduğunu deyərək bütün namizədlərə bərabər şəraitin yaradıldığını qeyd edib. Azay Quliyev seçki qərargahının öz işini peşəkar şəkildə qurduğunu və seçkinin indiyədək olan bütün mərhələlərinin, o cümlədən təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə aparıldığını vurğulayıb. Azay Quliyev nümunəvi fəaliyyətə və fədakarlığa görə seçki qərargahının bütün üzvlərinə təşəkkürünü bildirib.
Azay Quliyev bütün qarayaxmalara və təxribatlara baxmayaraq seçki qərargahının çox təmkinli davrandığını, əsas diqqətin seçicilərlə işdən, təbliğat-təşviqat kampaniyasından yayınmasına imkan verilmədiyini deyib: “Seçki kampaniyası boyu nümayiş etdirdiyiniz mütəşəkkilliyi, peşəkar davranışı fevralın 9-da göstərməyiniz vacibdir. Səsvermə prosesinin pozulmasına, saxtakarlıq edilməsinə və seçkilərin demokratikliyinə xələl gətirəcək istənilən cəhdin qarşısını qanun çərçivəsində almaq üçün bütün müşahidəçilərimiz səfərbər olunmalıdır. Seçki dairəsinə daxil olan bütün ərazilərdə apardığımız kütləvi və çoşğulu görüşlər, “qapıdan-qapıya” proqramı çərçivəsində minlərlə seçicinin mənzilinə təbliğat-təşviqat materialımızın çatdırılması, sosial mediada on minlərlə izləyicinin əhatə olunması, görüşlərdə minlərlə seçicinin birmənalı şəkildə dəstəyini ifadə etməsi əminliklə deməyə əsas verir ki, 9 fevralda böyük səs çoxluğu ilə zəfər qazanacağıq”.
Azay Quliyev sonda seçki kampaniyasında fəal şəkildə iştirak edən, ona açıq və birmənalı dəstəyi nümayiş etdirən bütün seçicilərinə dərin minnətdarlığını bildirib.
Sonra seçki qərargahının səsvermə günündəki fəaliyyətinin təşkili, müşahidəçilərin və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyalarının üzvlərinin hüquqları ilə bağlı son təlimatlar verilib.