Həbsdə olan jurnalist Polad Aslanov avqustun 29-dan aclıq aksiyasına başlayıb. Səbəb isə hazırda saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi məntəqəsinin mətbəxindən və soyuducusundan istifadəyə qoyulan qadağadır.
Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə bildirib ki, bu qadağa avqustun 29-da Ədliyyə Nazirliyinin iki əməkdaşının müəssisəyə gələrək həbsxananın “Larok”undan (satış köşkü) “Bizon” içkisini 1 manata alıb, digər məhbuslara 2 manata satan şəxsin kimliyini araşdırmasından sonra tətbiq olunub.
Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.
13 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
Sayt rəhbəri ittihamları qəbul etmir və özünü təqsirli bilmir.O, tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
“Larok”da satılan məhsullar adətən Penitensiar Xidmətin daxili təsərrüfat strukturları və ya müqaviləli tədarükçülər tərəfindən həbsxanaya verilir. Bu prosesə həbsxana rəhbərliyi və Ədliyyə Nazirliyi nəzarət edir.
“Ədliyyə işçiləri məhbusları sıxışdıraraq, onlardan içkini satanın kimliyini öyrənməyə çalışıblar. Həyat yoldaşım Polad Aslanov həmin iki nəfərə yaxınlaşıb və özlərini təqdim etmələrini istəyib, onlar susublar. Polad isə irad bildirib ki, araşdırın, görün, məhbusu içkinin üzərinə pul qoyub satmağa nə məcbur edir. Gələnlərə deyib ki, həbsxanadakı digər məsələlərə baxsınlar”, – deyən Gülmirə Aslanova əlavə edir ki, həbsdə olan yoldaşı həbsxananın baş həkiminin tibb məntəqəsində bir çarpayını 200 manata satmasını araşdırmağı da tələb edib.
“Xəstə məhbuslar müalicəyə möhtac olduqları halda, ağır və əziyyətli şəraitdə saxlanılır. Baş həkim isə sağlam məhbuslardan 200 manat alaraq məntəqədəki çarpayıları onlara satır. Məhbuslara dövlət tərəfindən ayrılmış diş pastası, fırçası, geyimlər, gigiyenik vasitələr və gəzinti üçün nəzərdə tutulan ayaqqabıların pulla satılmasını araşdırın. Araşdırın ki, bizim üçün ayrılan geyimlər və gigiyena vasitələri hara yoxa çıxır ki, məhbuslara çatmır? Ədliyyə Nazirliyinin əməkdaşları isə heç bir açıqlama vermədən oradan uzaqlaşıblar”, – həyat yoldaşı Polad Aslanova istinadla bildirib.
Gülmirə Aslanovanın sözlərinə görə, bundan sonra baş həkim Polad Aslanova məntəqənin mətbəxindən və soyuducusundan istifadə etməyə icazə verilməyəcəyini bildirib.
“Həbsxananın mətbəxində antisanitariya baş alıb gedir. Polad da 2024-cü ilin noyabrından tibb məntəqəsinin mətbəxindən və soyuducusundan istifadə edir. Hazır qidalarını soyuducuya qoyur. Gündə üç dəfə yeməklərini soyuducudan çıxarır, qızdırır, yeyir, qablarını yaxalayıb, çıxır. Polad orada oturmur, vaxt keçirmir, dincəlmir”.
Meydan TV məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu göndərsə də, yazı dərcə gedənə qədər suallara cavab verilməyib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
