Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Boyukmillet.com xəbər verir ki, icmanın bəyanatında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və işğal edilmiş digər rayonlarından olan məcburi köçkünlərin 30 ilə yaxındır erməni təcavüzündən əziyyət çəkdiyi bildirilir. Qeyd edilir ki, 1988-ci ildə azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal edib. Bu zaman 700 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin düşüb. Torpaqlarımızın işğalı zamanı minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, bir çox mülki şəxs itkin düşüb. Bir gecədə 613 mülki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırımı azərbaycanlılara qarşı törədilmiş ən böyük qətliam kimi tarixə yazılıb. Təəssüf ki, bu cinayətləri törədənlər hələ də öz layiqli cəzalarını almayıblar.
Qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qəbul edərək ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanıdığını və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarını dəfələrlə müdafiə və təsdiq edib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edə biləcək, eləcə də zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmaları, ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu şəraitdə, ayrı-seçkiliyə yol verilmədən dinc şəraitdə birgəyaşayışına imkan yaradan, bir sözlə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.
Ancaq Ermənistanın yürütdüyü açıq işğalçılıq siyasəti və Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi təhqiramiz ifadəsində də özünü göstərən ilhaqa yönəlmiş siyasəti fonunda sülhə və barışığa hazırlaşmaq çox çətindir. Bundan əlavə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu qəbul etməkdən, təməl hüquq və azadlıqlarımızı tanımaqdan belə imtina edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları arasındakı təmasların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək yürütdüyü işğalçılıq siyasətinin əsasını təşkil edir və Ermənistanın insan hüquqlarına dərin hörmətsizliyinin daha bir açıq sübutudur.
Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmalarına mane olmaqla, bu ərazilərdə demoqrafik tərkibin süni şəkildə dəyişdirilməsi cəhdləri ilə, həmçinin həmin ərazilərin iqtisadi, sosial və mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə yönəlmiş məqsədyönlü addımlar atmaqla işğal olunmuş ərazilərin müstəmləkəyə çevrilməsinə hədəflənmiş siyasət aparır.
“Dünya ictimaiyyətinə səslənirik ki, 30 ildir davam edən erməni təcavüzünə, yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınaraq məruz qoyulduğu əzablara göz yummasınlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həlli üçün səylərini daha da artırsınlar”, – deyə bəyanatda bildirilir.