Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sizi unutmarıq..

“Ürəyimi məşəl kimi qaldırıram göylərə”. Bu misra xalq şairi Məmməd Rahimin “Leninqrad göylərində” poemasından götürülmüşdür. Poemanın qəhrəmanı Abşeronun dilbər guşəsi olan Pirşağıda dünyaya göz açan, Lenin ordenli, qırıcı təyyarəçi, Böyük Vətən müharibəsi illərində Leninqrad səmasını qoruyan Hüseynbala Əliyevdir.
Əliyev Hüseyn Balaəli oğlu 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində anadan olmuşdur. “Qırmızı dəmirçi” fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir.
1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir.
Böyük Vətən Müharibəsi başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir.
Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir.
18 iyul 1941-ci ildə düşmənin 3 “Yunkers-88” təyyarəsi ilə döyüşə girmiş, ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-a qədər qəlpə yarası almışdır. Buna baxmayaraq təyyarələrdən ikisini vurmuşdur. Öz təyyarəsini salamat yerə endirmiş, təyyarənin kabinəsində partlayan mərmidən aldığı çoxlu yaralardan həlak olmuşdur. Ölümündən sonra “Lenin ordeni” ilə təltif edilmişdir.
Orta məktəb illərində M.Rahimin yaradıcılıgı
ilə ilk dəfə yaxından tanış olanda çoxumuz bu qəhrəman kimi olmagı özümüzə şərəf bilirdik.
İllər ötdü…və tale elə gətirdi ki, qəhrəmanımızın həlak oldugu şəhər bizim daimi yaşayış məskənimizə çevrildi.
Sankt-Peterburq şəhərinin mərkəzindən qəhrəman eloglumuzun uyuduğu Nizino şəhərindəki qardaşlıq məzarlıgına qırx kilometrə qədər məsafə var. Yaxınlıqda hərbi aereodrom da yerləşir.
Azərbaycanın qəhrəmanlıq səlnaməsinə yeni bir səhifə yazan bahadırımız səksən iki nəfərin uyudugu bir məzarlıqda əbədiyyətə qovuşub.
Bu məzarlıgın üstündə tez-tez tər çiçək dəstələri görmək olar. 9 May Qələbə günü bura ziyarətə gələnlərin sayi-hesabı olmur.Gələnlərin əksəriyyətini soydaşlarımız təşkil edir.
Artıq Böyük Vətən Müharibəsinin 75 illiyi yaxınlaşır. Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Regional İctimai Təşkilat”-ın sədri, Sankt-Peterburq şəhər Petroqrad rayonunun deputatı Sabir Mirzəyeviç Məsimov cənablarının təşəbbüsü ilə qəbirüstü abidənin yenidən qurulmasına start verilib. Bu işlər Leninqrad vilayətində,o cümlədən Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıların maddi dəstəyi ilə həyata keçirilir. Marafon bu gün də davam edir, iştirak etmək istəyənlər qoşula bilərlər. Bu iş üçün müvafiq təşkilatlardan razılıq əldə olunub. Müasir dövrün tələblərinə cavab verməyən köhnə abidənin özünü və söküntüsünü məqalənin aşağısında yerləşdirilən şəkillərdən görə biləcəksiniz.
Şəkillərin içində yeni görkəmdə olacaq qəbirüstü abidənin eskizləri də var. Öz qırıcı təyyarəsi ilə Leninqrad səmasını düşməndən qoruyan Azərbaycanın qəhrəman oğlunun ruhu, indi göyün ənginlikləridən hər gün bizləri salamlayır. Ruhun şad olsun, igidim!
Sankt Peterburq şəhərindən Böyükmillət. com saytı üçün…
FİZULİ CAVADZADƏ
ÜLVİYYƏ CAVİD
SƏDAİL HƏBİBOV.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …