“Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident beynəlxalq müşahidə missiyalarının mənfi rəyləri haqda fikirlərini qeyd edib:
“O ki qaldı bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür.
Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, – bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur”