ABŞ senatorları Rocer Uiker (Roger Wicker), Şeldon Uaythaus (Sheldon Whitehouse) və Cin Şehin (Jeanne Shaheen) 30 oktyabr tarixinin Beynəlxalq Siyasi Məhbuslar Günü kimi tanınmasını nəzərdə tutan və siyasi və ya dini inanclarına görə ədalətsiz şəkildə həbs olunanlarla həmrəylik ifadə edən qətnamə təqdim ediblər.
472 saylı qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinə təqdim olunub.
Qətnamədə siyasi repressiyanın bütün formaları pislənir, həmçinin jurnalistlər, fəallar və insan haqları müdafiəçiləri daxil olmaqla, dünyada təxminən bir milyon insanın siyasi səbəblərlə həbsdə olduğu vurğulanır.
Senat ABŞ hökumətini repressiyalara görə məsuliyyət daşıyan rejimləri cavab verməyə məcbur etməyə çağırır. Sənəddə həmçinin beynəlxalq ictimaiyyətə məlumatlılığı artırmaq, ikitərəfli və çoxtərəfli danışıqlarla siyasi məhbusların azad edilməsinə nail olmaq kimi çağırışlar yer alıb.
Qətnamədə Belarus, Çin, Kuba, Misir, İran, Myanma, Rusiya, Türkiyə və Venesuela kimi ölkələrdə müstəqil səslərin sistemli şəkildə həbs olunduğu xüsusi qeyd olunur.
Sənəddə Azərbaycanın adı yer almayıb. Bununla belə, yerli və beynəlxalq insan haqları təşkilatları ölkədə siyasi məhbusların sayının 400-ə yaxın olduğunu bildirir. Siyahılarda jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri və ictimai-siyasi fəalların adları yer alır.
Azərbaycan hökuməti isə “siyasi məhbus” anlayışını qəbul etmir, həmin şəxslərin cinayət törətdiklərinə görə mühakimə olunduğunu bəyan edir.
Lakin beynəlxalq insan haqları təşkilatları hesab edir ki, Azərbaycanda bir sıra jurnalist və fəallar yalnız peşə fəaliyyətinə, tənqidi və araşdırmaçı jurnalistikaya görə həbs olunublar və hakimiyyəti bu praktikanı dayandırmağa çağırırlar.
Hazırda 30-a yaxın beynəlxalq insan haqları təşkilatı 30 oktyabrın Beynəlxalq Siyasi Məhbuslar Günü kimi tanınmasını dəstəklədiklərini bəyan edib. Bunların sırasında Freedom House, National Endowment for Democracy (NED), McCain Institute, Amnesty International və Freedom Now kimi nüfuzlu insan haqqları təşkilatları var.
30 Oktyabr niyə siyasi məhbuslar günü kimi qeyd edilir?
30 oktyabr tarixi ilk dəfə 1974-cü ildə Sovet İttifaqında siyasi məhbusların təşəbbüsü ilə yaranıb.
Həmin il Mordoviya və Perm düşərgələrində saxlanılan məhbuslar ağır şəraitə və haqsızlıqlara etiraz olaraq aclıq aksiyası elan edib və 30 oktyabrı “Siyasi Məhbuslar Günü” kimi qeyd etməyə qərar veriblər.
Aksiyanın təşəbbüskarlarından biri tanınmış sovet dissidenti Kronid Lyubarski idi.
“Siyasi motivlərlə həbs olunan insanların müdafiəsi, onların azadlığı uğrunda həmrəylik və fikir azadlığının boğulmasına etiraz”, – Lyubarski və digər məhbuslar bu günün məqsədini belə izah edirdilər.
1991-ci ildə Rusiya Ali Soveti bu tarixi Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi rəsmən təsdiqlədi.
Son illərdə isə Human Rights House Foundation, Amnesty International və digər qurumlar 30 oktyabrı Beynəlxalq Siyasi Məhbuslar Günü kimi qeyd edir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
