“Amnesty International” Beynəlxalq Insan Haqları Təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsini pisləyən bəyanat yayıb.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib ki, Azərbaycan hakimiyyəti bununla ölkəni daha da avtoritarlaşdırdığını sübut edib.
“Hakimiyyət siyasi müxalifəti tamamilə əzməkdə və ölkədəki hər cür narazılığı boğmaqda sərhəd tanımır. Müxalifət liderini “hakimiyyəti ələ keçirməyə cəhd” ittihamı ilə həbs etmək, Azərbaycan hökumətinin nə qədər irəli getməyə hazır olduğuna şübhə edən hər kəsə bir xəbərdarlıqdır”.
Krivoşeyev əlavə edib ki, hakimiyyət orqanları, iddia edilən cinayət əməlinə dair ağlabatan dəlillər nümayiş etdirə bilmədikləri təqdirdə, Əli Kərimlini azadlığa buraxmalıdırlar:
“Onu saxlamaqla və xarici aləmlə əlaqəsini tamamilə kəsməklə, həmçinin ədalətli məhkəmə araşdırması hüququndan məhrum etməklə, müxalifət nümayəndələrinə, alimlərə, jurnalistlərə və fəallara qarşı yönəlmiş siyasi motivli həbslər dalğasını davam etdirməkdə nə qədər qərarlı olduqlarını göstərdilər”, – Krivoşeyev bəyanatda belə deyib.
Dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib.
Müxalifətdə olan siyasətçilər noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (DTX) tərəfindən saxlanılıblar.
Əli Kərimli və Məmməd İbrahimə qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.
Bir çox media orqanları son baş verən hadisələrin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğunu bildirirlər.
Bu həbslər Azərbaycanda etirazlara qarşı daha da gücləndirilmiş təzyiqlər fonunda baş verir; jurnalistlər, akademiklər və müxalifət nümayəndələri getdikcə daha çox təqib, əsassız həbslər və siyasi motivli ittihamlarla üzləşirlər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
