Sabir Rüstəmxanlı seçicilərinə özünün facebook hesabında təşəkkür edib.
Boyukmillet.com xəbər verir ki, 61 saylı Neftçala seçki dairəsindən Parlament seçkilərinin qalibi, xalq şairi Sabir Rüstəmxanlı seçicilərinə özünün facebook hesabında təşəkkür edib.
Sabir Rüstəmxanlının paylaşımını olduğu kimi təqdim edirik.
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 25 gün Neftçaladan ayrılmadım; kəndləri gəzdim, otuzdan çox görüş keçirtdim, ağsaqqallara və köhnə dostlara baş çəkdim, Qarabağ müharibəsinin və 20 Yanvar şəhidlərinin və doğma insanların məzarlarını ziyarət etdim, yerli qələm sahiblərinin ədəbi məclisinə qatıldım, yas mərasimlərinə getdim, yaxın ailələrə qoşulub qız evinə elçi düşdüm, rayonun sənaye müəssisələrində, başqa istehsalat sahələrində oldum. Yerli ziyalılar, siyasi partiyaların liderləri, köhnə hərəkatçı tanışlarım, getdiyimiz kəndlərin camaatı hər yerdə məni böyük sayqı və sevgiylə qarşıladılar… Bakıdan vəkillər, təbliğatçılar dəvət etməyə ehtiyac qalmadı, Neftçala aydınları, xüsusən köhnə hərəkatçı dostlarım mənim seçki kompaniyamda yaxından iştirak etdilər. Görüşlərin keçirilməsi, seçicilərlə sərbəst ünsiyyət üçün rayonda ideal şərait yaradılmışdı. Əleyhimə təbliğat aparanlar da az deyildi. Bu məqsədlə xüsusi debatlar təşkil olunaraq iyrənc gəlmə- yerli söhbəti ortaya atılmışdı; qərargahımın qarşısında təcili yardım maşını saxlatdırıb evlərə zəng vuraraq mənim infarkt olub Bakıya qayıtmağım və seçkilərdə iştirak etməyəcəyim barədə şaiyələr yaymışdılar. Bütün bunlara baxmayaraq, rəqiblərimdən heç biri şəhər mərkəzində və kəndlərdə mənim qədər gur və səmimi görüşlər keçirə bilmədilər. Komandamızın qüsursuz və qanunlara sayqıyla apardığı iş və xalqın sevgisi öz nəticəsini verdi.
İmkan düşəndə həmin olayları geniş təhlil edəcəyəm. İndi isə mənə səs verən, yardımlarını əsirgəməyən bütün neftçalalılara təşəkkürümü bildirmək istəyirəm. Səs verməyənlər də sağ olsunlar. Seçki dövründə həmrəylik göstərmiş bütün müsavatçılara, Ümid partiyasının üzvlərinə, digər siyasi partiyaların nümayəndələrinə, Neftçalanln qələm sahiblərinə ən səmimi minnətdarlığımı bildirirəm. İnanıram ki, mənimlə yanaşı mübarizə aparmış 13 nəfər namizəd də bundan sonra mənə rəqib kimi yox, oxucu, həmkar, dost kimi baxacaqlar. Qarşıdakı 5 ildə mən neftçalılarla bir yerdə olacaq və onların sorunlarının həllinə çalışacağam. Allah yar və yardımçımız olsun!